media-inshot_20251106_165034523

Son günlər ölkəmizdə azyaşlıların pəncərədən və ya balkondan yıxılaraq həyatını itirməsi ilə bağlı xəbərlər artmaqdadır. Bu cür hadisələr hər kəsi dərindən sarsıdır.,Baş verən bu hadisələr bir daha göstərir ki, uşaqların təhlükəsizliyi həm tikinti zamanı, həm də ailə daxilində ciddi nəzarət tələb edir.

Binalarda bu cür təhlükələrin qarşısını almaq üçün nə kimi tədbirlər görülməlidir?

Bu barədə təhlükəsizlik üzrə ekspert Orxan Musayev Patrul.az-a açıqlamasında bildirib ki, binaların tikintisi zamanı balkon və pilləkən məhəccərləri elə konstruksiya edilməlidir ki, uşaqlar onların üzərinə dırmaşa bilməsinlər:

“Son aylarda yayımlanan xəbərlərə baxanda həqiqətən də uşaqların evin pəncərəsindən və ya balkondan yıxılaraq həyatını itirməsi halları artmaqdadır. Hamımızın anlamalı olduğu bir həqiqət var: bu cür ölümlər taleh deyil. Belə hadisələrin qarşısını qabaqcadan almaq mümkündür və mən məhz bunun vacibliyini vurğulamaq istəyirəm. Əgər təhlükələrin qarşısı əvvəlcədən alınarsa, bu kimi faciələr baş verməz. Layihə hazırlanarkən, yəni tikinti mərhələsində, balkon və pilləkən məhəccərləri elə konstruksiya edilməlidir ki, uşaqlar ora dırmaşa bilməsinlər. Bunun üçün üfüqi yox, şaquli konstruksiya seçilməlidir. Açılışlar elə ölçüdə olmalıdır ki, hətta 10 sm-lik bir top belə ordan keçməsin”.

media-inshot_20251106_164604998

O. Musayev bildirib ki, pəncərə və balkonlarda təhlükəsizliyi təmin etmək üçün zərbəyə davamlı şüşədən və uşaq kilidlərindən istifadə mütləqdir:

“Əgər şüşəli məhəccər seçilirsə, o zaman adi yox, zərbəyə davamlı təhlükəsizlik şüşəsindən istifadə olunmalıdır. Bu, sadəcə gözəllik üçün deyil, həyati əhəmiyyət daşıyan təhlükəsizlik məqsədilə edilməlidir.Pəncərələrə gəlincə, hər bir mənzildə açılışı məhdudlaşdırılan mexanizm, yəni açarla kilidlənən uşaq kilidi və ya məhdudlaşdırıcı avadanlıq quraşdırılmalıdır. Unutmayaq ki, ağcaqanad torları təhlükəsizlik vasitəsi deyil. Uşaq tora söykəndikdə tor asanlıqla düşür və nəticədə faciə baş verir”.

Ekspertin sözlərinə görə, valideynlər pəncərə önünü boş saxlamalı və məhdudlaşdırıcı sistem quraşdırmalıdırlar:

“Valideynlər də bu məsələdə xüsusi diqqətli olmalıdırlar. Pəncərə önünə stol, çarpayı kimi əşyalar qoymaq olmaz, çünki bu, uşaqlar üçün sanki “pilləkən” qurmaq deməkdir. Evdə pəncərə açıqkən uşağın tək qalması riski bir neçə dəfə artırır. Bütün valideynlərə elə indi kiçik, amma həyati bir addım atmağı xahiş edirəm: pəncərələrinizə məhdudlaşdırıcı sistem quraşdırın və pəncərə önündə dırmaşmağa imkan verən mebelləri başqa yerə çəkin. Bu bahalı layihə deyil, cəmi 20-30 dəqiqəlik kiçik bir müdaxilədir, amma həyat qurtarır.

Uşaqlara da təkrar-təkrar izah edin ki, pəncərə və balkon oyuncaqlar üçün yer deyil. Qaydaları tez-tez eşidən uşaqlar onları daha yaxşı mənimsəyir və əməl edirlər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər