media-inshot_20251203_153347863

Son günlər yeniyetmələr arasında təhlükəli oyunların yayılması, hətta zorakı davranışlara meyilliyin artması valideynləri ciddi narahat edir. Sosial şəbəkələrdə sürətlə yayılan “çağırış” videoları, riskli oyunlar və aqressiv məzmun uşaqların psixologiyasına təsir göstərərək onları real həyatda təhlükəli addımlar atmağa sövq edə bilər. Belə vəziyyətlərdə valideynlərin övladlarını qorumaq üçün daha diqqətli və sistemli yanaşması vacibdir.

Bəs yeniyetmələri bu cür təhlükəli oyunlardan çəkindirmək üçün valideynlər hansı tədbirləri görməlidir?

Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki,valideyn yeniyetməni təhlükəli oyunlardan qorumaq üçün ən çox onunla güvənə əsaslanan açıq ünsiyyət qurmalı və emosional dəstək göstərməlidir:

media-img-20251203-wa0021

“Müasir informasiya mühitində yeniyetmələr manipulyativ və riskli oyunlara daha tez təsir edilir. Valideynin rolu burada nəzarətçi olmaqdan çox, psixoloji dayaq və təhlükəsizlik modeli yaratmaqdır.

1. Emosional bağın gücləndirilməsi

Yeniyetmə ən çox emosional boşluq zamanı riskli davranışlara yönəlir.

Valideyn gündəlik qısa, amma keyfiyyətli ünsiyyət qurmalı, uşağın hisslərini dinləməli və mühakimə etmədən dəstək göstərməlidir. Güclü emosional bağ təhlükəli maraqları xeyli azaldır.

2. Qadağa yox, maarifləndirmə

Sərt qadağalar yeniyetmədə əks reaksiya yaradır.

Valideyn təhlükəli oyunların necə manipulyasiya etdiyini izah etməli, real riskləri faktlarla göstərməli, uşağın öz qərarvermə bacarığını gücləndirməlidir.

3. Şəffaf və hörmətli nəzarət

Telefon və internet üçün razılaşdırılmış qaydalar olmalıdır.

Valideyn casusluq deyil, açıq dialoq yolu ilə maraqlanmalı, sosial platformaları birlikdə nəzərdən keçirməli və uşağın gizlətmək ehtiyacı duymamasını təmin etməlidir.

4. Duyğu tənzimləmə bacarıqlarının öyrədilməsi

Təhlükəli oyunlara maraq çox vaxt emosional gərginlikdən doğur.

Yeniyetməyə öz hissələrini ifadə etməyi, sakitləşmə üsullarını və stresslə mübarizə yollarını öyrətmək riskləri azaldır.

5. Sağlam məşğulluq və sosial mühit

Boş vaxt təhlükəli maraqlar üçün münbit zəmin yaradır.

İdman, incəsənət, kurslar və sosial layihələr yeniyetmənin özünə dəyər hissini artırır və təhlükəli oyunlara meyli minimuma endirir.

Yekunda isə demək istərəm valideynin əsas vəzifəsi qadağalar qoymaq deyil, uşağın psixoloji dayanıqlığını gücləndirmək, sağlam ünsiyyət və təhlükəsiz mühit yaratmaqdır. Güclü bağ, düzgün maarifləndirmə və emosional dəstək yeniyetməni ən effektiv şəkildə qoruyan mexanizmlərdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər