Bir ana övladından bu cür necə imtina edə bilər? - Psixoloq RƏYİ
Bakıda ana azyaşlı övladına qarşı qeyri-insani rəftar nümayiş etdirib. Gecə saatlarında qadın qızını küçənin ortasında tək qoyaraq, onun təkbaşına sığınacağa getməsini tapşırıb və ərazidən uzaqlaşıb.
Bir ana övladından necə imtina edə bilər?
Valideyni bu addıma sürükləyən nədir?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, belə hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur:
“Bu zaman hər birimizdə sual yaranır: ana necə olur ki, öz övladından imtina edə bilir. Psixoloji baxımdan valideynin övladını tərk etməsi və ya ona qarşı laqeyd davranması adətən ani qərar deyil, uzun müddət yığılan daxili gərginliyin, psixoloji yorğunluğun və çıxış yolu tapa bilməməyin nəticəsidir. Bu cür davranış çox zaman ananın öz emosional vəziyyətinə nəzarəti itirməsi, ümidsizlik hissi yaşaması və özünü tək hiss etməsi ilə bağlı olur. Bir çox hallarda belə valideynlər öz həyatlarında ciddi stress faktorları ilə üzləşirlər. Maddi çətinliklər, ailədaxili münaqişələr, sosial dəstəyin olmaması, tək valideyn kimi məsuliyyətin ağırlığı, depressiya və ya digər psixoloji problemlər insanın düşünmə və qərarvermə qabiliyyətini zəiflədir. Bu vəziyyətdə valideyn artıq uşağın ehtiyaclarını deyil, öz daxili ağrısını və çıxılmazlığını ön plana çıxarır. Bəzən də ana övladına baxa bilmədiyini, ona lazımi şərait yarada bilmədiyini düşünərək yanlış formada “çıxış yolu” axtarır və bu, tərk etmə kimi ağır nəticəyə gətirib çıxarır”.

Həmsöhbətimiz qeyd edib ki, bəzi valideynlər özləri də uşaqlıqda sevgi, qayğı və təhlükəsizlik hissindən məhrum olublar:
“Bu cür emosional boşluq gələcəkdə valideynlik rolunda ciddi çətinliklər yaradır. İnsan uşaqlıqda sağlam münasibət modeli görmədikdə, böyüyəndə də bu modeli qurmaqda çətinlik çəkir. Nəticədə stress zamanı aqressiya, laqeydlik və məsuliyyətdən qaçma davranışları ortaya çıxa bilir. Belə hallara yalnız fərdi problem kimi yanaşmaq düzgün deyil. Bu, eyni zamanda sosial və ictimai məsələdir. Cəmiyyət, dövlət qurumları və sosial xidmət strukturları risk altında olan ailələri vaxtında müəyyən etməli, onlara psixoloji, sosial və hüquqi dəstək göstərməlidir. Valideynin tək qalması, köməksiz hiss etməsi bu kimi faciələrin əsas zəminidir. Erkən müdaxilə, psixoloji məsləhət, ailə dəstəyi proqramları və maarifləndirmə işi bu cür hadisələrin qarşısının alınmasında mühüm rol oynayır”.
“Ən vacib məqam odur ki, hər bir uşaq təhlükəsizliyə, sevgiyə və qayğıya layiqdir. Valideynin hansı çətinliklərlə üzləşməsindən asılı olmayaraq, uşağın həyatı və psixoloji sağlamlığı hər zaman birinci yerdə dayanmalıdır. Belə hadisələr bizə bir daha göstərir ki, valideynlərlə daha çox işləmək, onların emosional vəziyyətini izləmək və vaxtında dəstək olmaq cəmiyyət olaraq əsas vəzifələrimizdən biridir”,– deyə o əlavə edib.
Ləman Sərraf






