Valideynlər haqlı etiraz edir: Təhsil prinsiplərinə zidd qərar uşaqların inkişafına zərbə vurur- VİDEO
Patrulaz.az-ın redaksiyasına daxil olan məlumata görə, Ucar rayonu Qaradağlı kənd tam orta məktəbində valideynlərin ciddi narazılığına səbəb olan yeni qərar qəbul edilib. Məktəbin direktoru Səkinə Səfərəliyeva tərəfindən tətbiq edilən qərara əsasən, birinci və ikinci sinif şagirdlərinə dərslər eyni sinif otağında keçiriləcək. Dərs saatı 45 dəqiqə olsa da, bunun yalnız 20 dəqiqəsi birinci siniflərə, 20 dəqiqəsi isə ikinci siniflərə ayrılacaq, son 5 dəqiqə isə formal salamlaşma və ümumi söhbətlərlə yekunlaşdırılacaq. Bu qərar pedaqoji prinsiplərə, təhsil standartlarına və ibtidai siniflərdə şagirdlərin fərdi inkişafına ciddi zərbə kimi qiymətləndirilir.
Valideynlərin etirazı ilə üzləşən məktəb rəhbərliyi məsuliyyəti üzərindən ataraq qərarın Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov tərəfindən verildiyini bildirib. Məlumata görə, səbəb kimi siniflərdə şagird sayının azlığı göstərilir: birinci sinifdə 7, ikinci sinifdə isə 9 şagirdin olmaması əsas gətirilir. Bu arqument isə valideynlər və təhsil mütəxəssisləri tərəfindən qətiyyən qənaətbəxş hesab edilmir. İbtidai siniflərin təlim prosesi ardıcıl və intensiv diqqət tələb edir. Şagirdlərin yaş fərqi, dərs proqramlarının tamamilə fərqli olması, həmçinin psixoloji yanaşma baxımından hər iki sinifin eyni vaxtda dərs keçməsi təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərəcək.
Məsələnin digər tərəfi də diqqətçəkicidir. İddialara görə, məktəbdə ibtidai sinif müəllimlərindən biri əvvəllər başqa rayondan gətirilmiş, lakin indi geri qaytarılıb. Bu isə təhsil müəssisələrində kadr çatışmazlığının mövcud olduğunu bir daha göstərir. Regional Təhsil İdarəsinin belə bir qərarla vəziyyəti idarə etmək əvəzinə sadəcə problemi başqa istiqamətə ötürməsi, ibtidai sinif müəllimlərinin və şagirdlərin gələcəyini risk altına qoyur.
Bu qərar həm pedaqoji prinsiplərə, həm də təhsil qanunvericiliyinə ziddir. İbtidai siniflərdə dərsin keyfiyyətli təşkil olunması yalnız müəllimin tam diqqət və vaxtını tələb edir. Birinci sinif şagirdlərinin oxu-yazı vərdişləri hələ formalaşma mərhələsindədir və bu mərhələdə diqqətin bölünməsi onların inkişafına ciddi zərər vura bilər. İkinci sinif şagirdləri isə daha fərqli bilik və bacarıq mərhələsindədir, onların da 20 dəqiqəlik dərslə kifayətlənməsi təhsilin səviyyəsini aşağı salacaq.
Valideynlərin bu məsələ ilə bağlı etirazları tamamilə haqlı görünür. Təhsil Nazirliyi və müvafiq qurumlar məsələni təcili araşdırmalı, uşaqların gələcəyini riskə atan bu qərara hüquqi və pedaqoji qiymət verməlidir. Təhsildə qənaət prinsipləri əsla uşaqların keyfiyyətli təhsil almaq hüququnun qarşısında dayana bilməz. Patrul.az olaraq mövzuya diqqəti yönəldir və aidiyyəti qurumları məsuliyyətli qərar qəbul etməyə çağırırıq.






