"Valideynlər övladlarının ChatGPT-dən istifadəsi ilə öyünməməlidir" - Psixoloqdan XƏBƏRDARLIQ
Müasir dövrdə texnologiyaların sürətlə inkişafı insanların məlumat alma üsullarını da dəyişib. Süni intellektin son bir neçə ildə insanların həyatına sürətlə inteqrasiyasından sonra artıq istənilən insan saniyələr içərisində istədiyi məlumatı əldə edə bilir. Xüsusilə də Aİ texnologiyası olan süni intellekt bir çox insanlar üçün “dost”, “sirdaş”a çevrilib. Bu kimi chatbotların müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Belə ki, biz chatbotla eşq yaşayanları, onun xoş mesajlarına görə ərindən boşananları da eşitmişik. Hətta ona inanaraq yer üzündə mövcud olmayan ərazini kəşf etməyə gedən və sonradan məyusluğa uğrayan insanların da şahidi olmuşuq.
Son vaxtlar isə ChatGPT-nin insanlarla intihar, özünəqəsd və cinayət mövzularında söhbətlər apardığı da iddia edilir. Xüsusən də gün ərzində telefon əlindən düşməyən uşaqlar bu kimi təsirlərə daha çox məruz qalırlar. Bəs belə faciələrin qarşısını almaq üçün valideynlər nə etməlidir?
Bu barədə Patrul.az-a psixoloq Aytən Ələkbərova öz təcrübəsinə əsaslanan tövsiyələrini bölüşüb. Onun sözlərinə görə, ChatGPT-dən həddindən artıq istifadə insanda müxtəlif problemlərin yaranmasına səbəb ola bilər:
“Bəzən görürsən ki, bir çox ailələrdə valideynlər qürur hissi ilə deyirlər: “Siz heç bilirsiniz, Aytən xanım, övladım ChatGPT-dən necə istifadə edir? Çox şeylərin cavabını oradan tapır. Hətta ailəmizdə şəkər xəstəsi olan nənə var, ona dərman yazılanda övladım hansı endokrinoloqun daha yaxşı olduğunu, yaxud yazılan dərmanların yan təsirlərinin olub-olmadığını araşdırır”. Bu nümunə göstərir ki, ChatGPT-dən faydalı məqsədlər üçün istifadə edənlər var. Amma təəssüf ki, insan nəyi həddindən artıq çox bilirsə, bir müddət sonra ona marağı da azalır.
Məsələn, əvvəllər insanlar bir bazarlıq edərdilər, bir-iki məhsul alardılar. O vaxt bu qədər market də yox idi. İndi isə marketlərdə məhsul çoxluğu insanı “nə alım?” deyə düşündürür. Bəzən alıcı nəyisə görür, almaq istəyir, amma ala bilmir və nəticədə məyus olur. Və ya düşünür ki, “bunları istəmirəm, gedib ət və kartof alım, evimdə yemək bişirim”. Ona görə də bəzi şeylərin həddindən artıq çoxluğu insan üçün stress yaradır. Necə ki, dahi şairimiz Nizami Gəncəvinin də dediyi kimi, “artıq içiləndə dərd verir o da”. Su belə həddindən artıq içiləndə ürəkbulanma və qusma hallarına səbəb ola bilər. Ona görə də biz hər nədən istifadə ediriksə, həddini bilməliyik. Hətta telefonlardan həddindən artıq istifadə etmək göz quruluğuna, ruh halının dəyişməsinə və yuxu pozuntularına səbəb olur”.

Psixoloq öz həyat təcrübəsini də bölüşərək bildirib ki, valideynlər uşaqların bu kimi texnologiyalardan istifadəsi ilə öyünmək əvəzinə onlara daha çox diqqət yetirməlidirlər:
“Bəzi valideynlər övladlarının ChatGPT-dən məharətlə istifadə etməsi ilə öyünməməlidirlər. İnsan bilmədiyi şeyi öyrəndikcə, bəzən müəyyən şeylərə marağı azalır və həyatdan bezginlik yarana bilər. Elə ölkələr var ki, ən xoşbəxt hesab olunmalarına baxmayaraq, intihar halları çoxdur. Çünki həmin ölkələrdə hər şey o qədər əlçatandır ki, insanın arxasınca getdiyi arzusu qalmır. Mən həmişə maaşla işləyən insanların daha xoşbəxt olduğunu deyirəm. Çünki onlar qazandıqlarının qədrini bilir və plan qururlar. Amma insana gözləmədən, fasiləsiz şəkildə pul gəlsə, bir müddət sonra onun da dəyəri azalır. İnsan arzularına çatmaq üçün onu istəməlidir. İstəmədiyi halda isə gözünün qarşısında olan hər şey mənasız görünə bilər. Ona görə də tövsiyəm odur ki, bəzi məqamlarda həm övladlarımızı, həm də özümüzü müxtəlif informasiya bolluğundan qorumalıyıq. Çünki bəzən nəyisə həddindən artıq bilmək insan üçün fəsadlara səbəb ola bilər.
Məsələn, bir həkim övladı kimi yeniyetməlik dövründə anamın baxdığı xəstələrdə olan xəstəlikləri özümə aid etməyə başlamışdım. Düşünürdüm ki, “birdən məndə də bu xəstəlik olar”. İnfeksion xəstəliklər barədə oxuyanda belə öz-özümə sual verirdim ki, “görəsən, məndə də ola bilərmi?” Hər hansı dermatoloji və ya qan xəstəlikləri haqqında oxuyanda da eyni hissləri yaşayırdım. Bu məlumatlar biliklərimi artırsa da, bir müddət sonra mənə psixoloji təsir etməyə başladı. Hətta bu düşüncələrə görə gizlin ağladığım vaxtlar da olub. Məndən ağlamağımın səbəbini soruşanda isə deyə bilmirdim ki, “ana, mən sənin kitabında olan xəstəlikləri oxumuşam və qorxuram ki, həmin xəstəliklər məndə də olsun”.
Hələ ChatGPT-nin olmadığı dövrlərdə kitabdan oxuduqlarımız belə bizə təsir edirdi. Buna görə də bəzi kitabları uşaqlara oxumağa qadağa qoyurdular. Çünki beynin daşıya biləcəyi müəyyən bir hədd var. Əgər beyin həmin yükü daşıya bilmirsə, bu da insanı müxtəlif fəsadlarla üz-üzə qoya bilər”.
Gülbəniz Səfərova






