media-inshot_20260312_171249844

Artıq tərbiyə məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllimlər 200 manatadək cərimələnə bilərlər. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 525-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, valideynlər, eləcə də uşaqlara nəzarət edən təhsil, tibb, sosial xidmət və digər müəssisələrin əməkdaşları tərəfindən uşağa qarşı tərbiyə və ya intizam məqsədilə fiziki və ya psixoloji zorakılıq tətbiq olunarsa, bu hal iki yüz manat məbləğində cərimə ilə cəzalandırılacaq.

Bu dəyişikliklərin uşaqların hüquqlarının qorunmasına necə təsir edəcəyi və belə halların qarşısını almaq üçün qanunvericilikdə daha hansı mexanizmlərin nəzərdə tutulmalı olduğu ilə bağlı AR Vəkillər kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-a fikirlərini bölüşüb.

Vəkil bu qərarı yüksək qiymətləndirsə də, belə hallarda təkcə cərimənin kifayət etməyəcəyini vurğulayaraq bir sıra əlavə tədbirlərin görülməsini təklif edib:

“Hüquqşünas olaraq hesab edirəm ki, bu dəyişiklik uşaqların hüquqlarının qorunmasında mühüm addım olacaq. Fiziki və psixoloji zorakılıq uşağın inkişafına mənfi təsir göstərir, onların özünəinamını və psixoloji sağlamlığını zədələyir. Hüquqi cəza mexanizminin mövcudluğu valideyn və digər məsul şəxslərə aydın mesaj verir ki, uşaqlara qarşı zorakılıq qəbulolunmazdır.

Lakin hesab edirəm ki, yalnız cərimə mexanizminin mövcudluğu kifayət deyil. Effektivliyin artırılması üçün aşağıdakı tədbirlər də görülməlidir:

Maarifləndirmə proqramları – valideynlər və tərbiyəçilər arasında zorakılığın zərərləri və alternativ tərbiyə üsulları barədə məlumatlandırma;

Sosial nəzarət mexanizmləri – məktəb və digər müəssisələrdə müntəzəm monitorinq və hesabatlılıq sisteminin yaradılması;

Uşaqların şikayət imkanları – təhlükəsizlik və anonimlik şəraitində uşaqların zorakılıq halları barədə müraciət edə bilməsi;

Reabilitasiya və dəstək xidmətləri – zorakılığa məruz qalmış uşaqlar üçün psixoloji və sosial yardım mexanizmlərinin təmin olunması”.

media-inshot_20260312_172448938

Ş. Şəmmədli digər ölkələrin təcrübəsinə də toxunub:

“Beynəlxalq təcrübəyə baxdıqda, Skandinaviya ölkələri (məsələn, İsveç və Norveç) cismani cəzanın tam qadağan olunması və valideynlər üçün maarifləndirmə proqramlarının tətbiqi ilə bu sahədə uğurlu nəticələr əldə ediblər. Bu modeldə cəza və maarifləndirmə eyni anda tətbiq olunur və uşaqların hüquqları praktik olaraq qorunur.

Azərbaycan kontekstində də belə bir yanaşma məqsədəuyğun ola bilər. Yalnız qanuni məhdudiyyət yaratmaq kifayət deyil, eyni zamanda cəmiyyətin davranış və tərbiyə normalarını dəyişəcək, valideynlərə alternativ üsullar təqdim edəcək tədbirlər görülməlidir. Bu isə həm uşaqların hüquqlarının real qorunmasına, həm də uzunmüddətli sağlam sosial mühitin formalaşmasına xidmət edər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər