Vətəndaşların nəzərinə: Kartınızdan pul çıxarılsa, bunları etməlisiniz! - AÇIQLAMA
Son illərdə bank kartlarına və rəqəmsal maliyyə sistemlərinə edilən müdaxilələr nəticəsində vətəndaşların xəbəri olmadan və ya telefon zəngi vasitəsilə aldadılaraq hesablarından vəsaitlərin çıxarılması, eləcə də adlarına icazəsiz kreditlərin rəsmiləşdirilməsi halları artmaqdadır. Bu cür vəziyyətlər təkcə maddi itki ilə deyil, həm də ciddi hüquqi mübahisələrlə nəticələnir və zərərçəkmiş şəxsin hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət daşıyır.
Belə hallarda zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsini hansı hüquqi qaydada tələb edə bilər və məsuliyyət əsasən hansı tərəflərin üzərinə düşür?
Bu barədə Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, icazəsiz pul çıxarılması və ya kredit rəsmiləşdirilməsi hüquqpozmadır və araşdırılıb məsuliyyət yaradır:
“Əgər vətəndaşa qarşı hər hansı hüquqa zidd əməl baş veribsə: məsələn, bank kartından icazəsiz pul çıxarılması və ya adına razılıq olmadan kredit rəsmiləşdirilməsi bu, hüquqpozma hesab olunur və hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Araşdırma nəticəsində əmələ hüquqi qiymət verilir: əgər inzibati məsuliyyət yaranırsa, şəxs inzibati məsuliyyətə cəlb olunur, əgər dələduzluq və ya digər cinayət əməlinin tərkibi varsa, cinayət məsuliyyətinə cəlb edilir”.

Vəkil qeyd edir ki, zərərçəkmiş şəxs istintaq və məhkəmə mərhələsində mülki iddia qaldıraraq dəymiş ziyanın ödənilməsini tələb edə bilər:
“Həmin araşdırma çərçivəsində zərərçəkmiş şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə mərhələsində dəymiş ziyanla bağlı mülki iddia qaldıra bilər. Əməli törədən şəxs isə iddia təmin olunduğu təqdirdə vurduğu ziyanı ödəməyə borcludur”.
Cəmilə Cəfərzadə






