media-inshot_20260301_095131447

ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xameneinin həlak olması ilə yanaşı, ölkənin bir sıra yüksək vəzifəli hərbi və təhlükəsizlik rəsmilərinin də öldürüldüyü təsdiqlənib. 

Patrul.az xəbər verir ki, SEPAH-ın rəsmi açıqlamasında bildirilib ki, İsrailin hücumları nəticəsində İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Məhəmməd Pakpur və Xameneinin təhlükəsizlik məsələləri üzrə müşaviri Əli Şamxani həlak olub.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri İran ərazisində yüzlərlə hərbi hədəfə hava zərbələri endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat Tehranda ölkənin hərbi rəhbərliyinin yüksək vəzifəli üzvlərinin toplaşdığı bir neçə məkana qabaqlayıcı zərbələrlə başlayıb. Həmin zərbələr nəticəsində aşağıdakı şəxslərin öldürüldüyü qeyd olunub:

Əli Şamxani – İranın Ali liderinin təhlükəsizlik məsələləri üzrə şəxsi müşaviri və İran Təhlükəsizlik Şurasının katibi;

Əziz Nəsirzadə – İranın müdafiə naziri, eyni zamanda İran Hərbi Hava Qüvvələrinin keçmiş komandanı və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini;

Məhəmməd Pakpur – İnqilabı Keşikçiləri Korpusunun baş komandanı;

Saleh Əsədi – “Xatəm əl-Ənbiya” kəşfiyyat agentliyinin rəhbəri və İran Silahlı Qüvvələrinin Ali Komandanlığında yüksək rütbəli kəşfiyyat zabiti;

Məhəmməd Şirazi – 1989-cu ildən Ali liderin hərbi idarəsinin rəhbəri;

Hüseyn Cəbəl Amelian – Müdafiə İnnovasiyası və Tədqiqat Təşkilatının (SPND) rəhbəri;

Rza Mozaffari-Nia –  SPND-nin keçmiş sədri.

Hazırda İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisində hərbi hədəflərə zərbələr endirməyə davam edir.


Bənzər xəbərlər