Xamenei kimi o da sui-qəsd üçün işarələnmiş hədəf oldu
“”Hizbullah”ın baş katibi Naim Qasım artıq sui-qəsd üçün işarələnmiş hədəfdir”.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz İsrail ilə Livandakı “Hizbullah” təşkilatı arasında gərginliyin artması fonunda deyib.
O bildirib ki, “Hizbullah” rəhbərliyi Xameneinin yolunu davam etdirərsə, ağır nəticələrlə üzləşəcək:
“Xameneinin yolunu izləyən hər kəs tezliklə özünü cəhənnəmin dərinliklərində, şər oxunun bütün məğlub edilmiş üzvləri ilə birlikdə tapacaq. Biz 7 oktyabrdan əvvəl mövcud olan atəş qaydalarına qayıtmayacağıq və İsrail dövlətinin bütün vətəndaşlarını tam gücümüzlə müdafiə edəcəyik”, – deyə o bildirib.
Nazir əlavə edib ki, o və İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə İran rejiminə qarşı hərbi kampaniyanı davam etdirərkən “Hizbullah”a qarşı da güclü tədbirlər görmək tapşırığı veriblər.
“Hizbullah”ın baş katibi Naim Qasım isə bildirib ki, itkilərə baxmayaraq İsrail və ABŞ-yə qarşı mübarizə davam edəcək:
“Biz təcavüzə qarşı mübarizədə öz vəzifəmizi yerinə yetirəcəyik. Allahın qələbəsinə, rəhbərliyinə və dəstəyinə inanırıq. Qurbanların nə qədər olmasından asılı olmayaraq, şərəf, müqavimət və Amerika zülmü ilə sionist cinayətkarlığına qarşı mübarizə meydanını tərk etməyəcəyik”.
Qeyd edək ki, xarici kəşfiyyat mənbələrinin məlumatına görə, “Hizbullah” qruplaşması İranın keçmiş ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrailin Hayfa şəhərinin cənubunda yerləşən hərbi bazaya raketlər və PUA-lar buraxıb. Bununla da münaqişəyə qoşulduğunu təsdiqləyib.
Gülbəniz Səfərova






