Xarici cizgi filmlərinə artan maraq, unudulan ana dili - Valideynlər nə etməlidir?
Son illərdə uşaqlar arasında xarici cizgi filmlərinə marağın sürətlə artması diqqət çəkir. Rəngarəng obrazlar, dinamik süjetlər və texniki keyfiyyət baxımından üstün olan bu kontentlər uşaqları özünə cəlb edir. Lakin bunun fonunda bir sıra valideyn və mütəxəssislər uşaqların ana dilində danışıq və düşünmə vərdişlərinin zəiflədiyini müşahidə edir. Bu tendensiya isə yerli cizgi filmlərinə marağın azalması və milli-mədəni dəyərlərlə bağlılığın zəifləməsi kimi narahatlıqları gündəmə gətirir.
Bəs Azərbaycan cizgi filmlərinə marağın azalmasının əsas səbəbləri nələrdir və uşaqlarda ana dilinə bağlılığı gücləndirmək üçün hansı effektiv tədbirlər görülməlidir?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, uşaqlar ana dilinə deyil, onları daha çox cəlb edən maraqlı və dinamik məzmuna üstünlük verirlər:
“Təhsil sahəsindəki müşahidələrimiz göstərir ki, uşaqların xarici dildəki məzmunlara meyil etməsi sadəcə bir dil seçimi deyil, daha çox vizual və emosional doyumluluq məsələsidir. Bu günün uşağı rənglərin dinamikasına, süjetin sürətinə və qəhrəmanın xarakterizəsinə baxır. Təəssüf ki, yerli cizgi filmlərimizin rəqabətdə geri qalmasının əsas səbəbi onların texniki keyfiyyətindən daha çox, müasir uşağın psixologiyasına xitab edə bilməməsidir. Bizim istehsalımız olan nümunələr çox vaxt didaktik, öyrədici və bir az da “ağır” qalır, halbuki xarici analoqlar uşağı əyləndirərək özünə bağlayır. Uşaq darıxdığı yerdə ana dilini deyil, maraqlı olanı seçir”.

Ə.Həsənli qeyd edir ki, Ana dili uşağa məcburiyyət kimi deyil, maraqlı və canlı ünsiyyət vasitəsi kimi təqdim olunmalıdı:
“Bu tendensiyanın qarşısını almaq üçün ilk növbədə ana dilini “məcburiyyət” müstəvisindən çıxarıb “zövq” müstəvisinə keçirməliyik. Reallıq budur ki, biz uşağa “YouTube”u qadağan edə bilmərik, amma “YouTube”dakı keyfiyyətli məzmunu doğma dilimizə gətirə bilərik. Professional dublyaj burada həlledici rol oynayır; uşaq sevdiyi qəhrəmanın Azərbaycan dilində təbii, axıcı və müasir frazalarla danışdığını eşitməlidir. Dil uşaq üçün yalnız dərsliklərdəki rəsmi qaydalar toplusu deyil, oyun oynayarkən, zarafat edərəkən istifadə etdiyi canlı bir alətə çevrilməlidir”.
Mütəxəssisin sözlərinə görə, ana dilinə bağlılıq ailədə formalaşmalı və uşağa maraqlı yerli qəhrəmanlar vasitəsilə sevdirilməlidir:
“Eyni zamanda, valideynlərin üzərinə böyük məsuliyyət düşür. Ailə daxilindəki dil mühiti zəifdirsə, cizgi filmi sadəcə bu boşluğu dolduran bir vasitə olur. Ana dilinə bağlılığı gücləndirmək üçün uşaqla birlikdə Azərbaycan dilində interaktiv oyunlar oynamaq, nağılları müasir formada şərh etmək və ən əsası, yerli qəhrəmanlar yaratmaq lazımdır. Bizim uşaqlarımıza öz “super qəhrəman”larımızı elə təqdim etməliyik ki, onlar həmin personajın dilində danışmağı bir üstünlük və maraqlı bir fəaliyyət kimi qəbul etsinlər. Yalnız maraq və keyfiyyət birləşəndə dil uşaq üçün uzaqlaşdığı bir sahil deyil, sığındığı bir doğma məkana çevriləcək”.
Cəmilə Cəfərzadə






