media-inshot_20251222_172012090

2022-ci ilin 24 fevral tarixindən başlayan və hələ də davam edən Rusiya–Ukrayna müharibəsi genişmiqyaslı təhlükəyə çevrilməyə başlayıb. Quru və hava yolları ilə aparılan müharibə artıq dəniz istiqamətində də davam etdirilir.

Son məlumatlara görə, Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyanın “Oxotnik” hərbi gəmisinə zərbə endirib. Bundan əvvəl isə Rusiyanın silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətinə endirdiyi raket zərbəsi nəticəsində Çornomorsk limanında Türkiyənin “Cenk Ro Ro” şirkətinə məxsus yük gəmisi zədələnərək alovlanıb. Görünür, dəniz limanlarına edilən zərbələr digər ölkələrə də zərər vurur.

Bəs Xəzər dənizində sahilyanı ölkələrdən biri olan Azərbaycan Rusiya-Ukrayna müharibəsinin dənizdə yaratdığı təhlükədən təsirlənə bilərmi?

Bu barədə Patrul.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirir ki, müharibə şəraitində olan ölkələrin qonşu dövlətlərə mənfi təsirləri qaçılmazdır:

“Əgər regionda müharibə gedirsə, onun acı nəticələri qonşuluqda yerləşən digər dövlətlərə də təsir göstərir. Belə ki, humanitar böhran yaşayan qaçqınlar həmin ölkələrə üz tuta bilər. Müharibə aparılan ölkələrdəki vəziyyət iqtisadi baxımdan da yaxın ölkələrə təsir edir. Bu, hava məkanından istifadənin məhdudlaşması, ticarət əlaqələrinin zəifləməsi ilə müşayiət olunur. Həmçinin müharibəyə yaxın ərazilərdə istifadə olunan texnika ilə bağlı problemlər də yarana bilir”.

media-inshot_20251222_165944136

Şərhçi həmçinin Rusiya, Ukrayna, İsrail və İrandakı mövcud vəziyyətin Azərbaycana mümkün təsirlərinə də toxunub:

“Hesab edirəm ki, birbaşa olmasa da, dolayı yolla Rusiya-Ukrayna müharibəsi qonşu ölkələrə təsir göstərir. Azərbaycan dövləti də maksimum çalışır ki, bu təsirlər minimuma endirilsin. Məsələn, quru sərhədlərimizin bağlı saxlanılması regionda İsrail-İran arasında müharibə riski, eləcə də Rusiya-Ukrayna müharibəsi və digər bölgələrdə yarana biləcək təhlükələrlə əlaqədardır. Eyni zamanda, Azərbaycanın hava məkanının və Xəzər dənizinin qorunması istiqamətində mütəmadi addımlar atılır, ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Azərbaycan dövləti sərhədlərinin havadan, dənizdən və qurudan qorunması məqsədilə ən müasir texnologiyalardan istifadə edir və bu istiqamətdə tədbirləri davam etdirir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər