Xırdalanda kirayə ev elanında utancverici qeyd - “Qazilərə və şəhid ailələrinə ev verilmir” - FOTO
Bina.az saytında +99455 721 98 62 nömrəsi ilə kirayə ev təklif edən “Can” adlı şəxs elanının açıqlama hissəsində açıq şəkildə yazıb:
“Qazilərə – şəhid ailələrinə – veteranlara kirayə ev verilmir !!!”
Bu cümlə təkcə bir insanın vicdanını deyil, həm də ümummilli dəyərləri və mənəvi borcu ayaqlar altına salır. Çünki şəhid ailələri bu torpağın azadlığı və sabitliyi uğrunda canını fəda etmiş igidlərin bizə əmanət etdiyi müqəddəs varlıqlardır. Onlara qarşı istənilən ayrı-seçkilik, istənilən hörmətsizlik, şəhidlərimizin xatirəsinə qarşı hörmətsizlik deməkdir.
Eyni zamanda Qazilər, Vətən uğrunda bədənlərinin bir hissəsini, sağlamlıqlarını itirən, lakin qürurla “Vətən sağ olsun” deyən qəhrəmanlardır. Onlara qarşı bu cür münasibət təkcə insani və mənəvi yox, həm də hüquqi baxımdan qəbuledilməzdir.
Heç kimə bu ölkənin azadlığı və təhlükəsizliyi uğrunda döyüşən insanları “kirayə verilmir” kimi təhqiramiz bir kateqoriyaya salmaq səlahiyyəti verilməyib. Bu cür ifadə ayrı-seçkilik, mənəvi barbarlıq və sosial məsuliyyətsizlik nümunəsidir.
Patrulaz.az redaksiyası bildirir ki, bu cür hallara qanunvericiliklə də hüquqi qiymət verilməlidir. Dövlətin adından şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi status və sosial imtiyaz verildiyi bir dövlətdə belə münasibət təkcə utanc deyil, həm də cəzasız qalmamalıdır.
Ümid edirik ki, məsul qurumlar və hüquq-mühafizə orqanları bu məsələyə reaksiya verəcək, cəmiyyətin mənəvi dəyərlərini təhqir edən bu şəxsin davranışı ilə bağlı müvafiq tədbirlər görəcəklər.
Qazilər – bu torpağın dirənişidir,
Şəhid ailələri – bu xalqın vicdanı.
Bu dəyərlərə hörmət qoymaq hər bir vətəndaşın borcudur.
Səməndər Niftəliyev







