Xocalı soyqırımı qurbanlarının xatirəsi Antalyada anılıb
Antalyanın Akdeniz Universitetində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Patrulaz.az xəbər verir ki, Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Türk Ocaqları Antalya şöbəsi və Türk Dünyası İcmasının əməkdaşlığı ilə baş tutan tədbirdə əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Mərasimdə çıxış edən Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayıl və Türk Ocaqları Antalya şöbəsinin sədri Abdullah Uysal Xocalıda baş verən insanlıq dramına diqqət çəkərək, bu soyqırımın unudulmaması və beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulayıblar.
Sonra türkiyəli politoloq, Kahramanmaraş Universitetinin professoru Toğrul İsmayılın Xocalı soyqırımının tarixini, beynəlxalq hüquq baxımından qiymətləndirilməsi və Türk dünyası üçün bu qanlı hadisənin əhəmiyyəti ilə bağlı məruzəsi dinlənilib.
Məruzənin ardından professor bu faciə ilə bağlı sualları cavablandırıb.
Tədbir çərçivəsində Akdeniz Universitetinin təhsil fakültəsinin foyesində bəşəriyyətin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımını əks etdirən sərgi açılıb.
Anım tədbirində Türk dünyasının müxtəlif bölgələrindən gələn ictimaiyyət nümayəndələri də iştirak ediblər.