Yankoviç hakimə hücum çəkdi, Qurban Qurbanov araya girdi - ANBAAN GÖRÜNTÜLƏR
Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan “Sabah” – Qarabağ” matçından sonra meydanda və paltardəyişmə otağına gedən tuneldə kütləvi dava-dalaş düşüb.
Patrul.az-ın məlumatına görə, insidentin mərkəzində “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç dayanıb. Qarşılaşmanın son dəqiqələrində (90+6) hakim Rəvan Həmzəzadənin mübahisəli epizodda penalti təyin etməməsi “köhlən atlar”ın ciddi narazılığına səbəb olub.
Matçın final fiti səslənən kimi Yankoviç və komanda yoldaşları hakim briqadasının üzərinə hücum çəkiblər. Bu hərəkətinə görə monteneqrolu futbolçu dərhal qırmızı vərəqə ilə cəzalandırılsa da, o, sakitləşməyib. Təhlükəsizlik qüvvələrinin müşayiəti ilə meydandan uzaqlaşdırılan futbolçu, əsl qalmaqalı tuneldə davam etdirib.
CBC Sport tərəfindən yayımlanan görüntülərdə Yankoviçin tuneldə hakimlərə yumruq atmağa cəhd etdiyi aydın görünür. Vəziyyətin daha da pisləşməsinin qarşısını isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov alıb. O, futbolçusunu fiziki güclə saxlayaraq ərazidən uzaqlaşdırıb. Daha sonra polislər hakimlər otağının önündə kordon yaradaraq təhlükəsizliyi təmin ediblər.
Xatırladaq ki, həmin anlarda digər futbolçular – Toral Bayramov, Coni Montiel və Musa Qurbanlı da hakimə qarşı kəskin etirazlarını ifadə edənlər arasında olub.
Qeyd edək ki, “Qarabağ” bu görüşdə 1:2 hesabı ilə məğlub olub.






