Federasiya rəhbərinin vizası havada ləğv edildi, komandası da vizasız yola düşdü - FİFA Dünya Kubokunda qalmaqal
İranın milli futbol komandasının üzvləri 2026-cı il Dünya Kubokunda iştirak etmək məqsədilə vizasız Türkiyəyə yola düşüblər.
Patrul.az xəbər verir ki, futbolçuların viza prosesinin gecikməsinə əsas səbəb Vaşinqton və Tehran arasında rəsmi diplomatik münasibətlərin olmamasıdır. Bu səbəbdən komanda biometrik prosedurlardan (barmaq izi verilməsi) keçmək üçün Türkiyəyə getmək məcburiyyətindədirlər.
Bununla bağlı ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, idmançıların ölkəyə girişində problem yaradılmayacaq, lakin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan rəsmilərin ABŞ-yə daxil olmasına icazə verilməyəcək.
Məlumat üçün bildirək ki, ABŞ və Kanada SEPAH-ı rəsmi olaraq terror təşkilatı kimi tanıdığı üçün İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac da viza problemi ilə üz-üzə qalıb. Onun keçmişdə SEPAH-ın kəşfiyyat strukturlarında fəaliyyət göstərildiyi bildirilir.
Bu səbəbdən iki həftə əvvəl Vankuverdə keçirilən FIFA Konqresinə yollanan Mehdi Tacın vizası o havada olarkən Kanada immiqrasiya orqanları tərəfindən ləğv edilib və federasiya rəhbəri hava limanından geri qaytarılıb.
Komandasının yola düşməsinə reaksiya verən Mehdi Tac bildirib ki, turnirin ev sahibi ABŞ deyil, FİFA-dır. İran bütün nümayəndə heyətinin problemsiz girişini təmin etmək üçün FİFA-dan yazılı zəmanət almağa çalışır.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı fevralın 28-dən etibarən başlatdığı hərbi qarşıdurmadan sonra Vaşinqton İran vətəndaşlarının ölkəyə girişinə dair bir sıra məhdudiyyətlər tətbiq edib.
Bundan sonra İran Futbol Federasiyası isə turnirdə iştirak etmək üçün FIFA-ya 10 maddəlik tələb siyahısı təqdim edib. Bu şərtlər arasında SEPAH-da hərbi xidmət keçmiş şəxslərə viza güzəştinin edilməsi, viza müsahibələrinin ləğvi və stadionlarda İranın rəsmi dövlət rəmzlərinə tam hörmət göstərilməsi yer alır.
Hətta İran tərəfi təhlükəsizlik və viza problemlərini əsas gətirərək ABŞ-də keçirilməli olan oyunlarının Meksikaya köçürülməsini tələb edib.
FIFA bu müraciəti qəti şəkildə rədd etsə də, qurumun prezidenti Canni İnfantino siyasi gərginliyə baxmayaraq İran millisinin turnirdə mütləq iştirak edəcəyini vurğulayıb.
Qeyd edək ki, 2026-cı il Dünya Kubokuna ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edir. Turnirin oyunlarının böyük hissəsi və final mərhələsi ABŞ meydanlarında baş tutacaq. İran millisinin qrup matçlarının bir hissəsi də mühacir iranlıların ən sıx yaşadığı Los-Anceles və Sietl şəhərlərində planlaşdırılıb.






