media-img_6123

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti AK Partinin VIII Böyük Qurultayında iştirak edib.

Patrulaz.az xəbər verir ki, 18 ölkədən 22 siyasi partiyanın nümayəndələrinin, Türkiyədə akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin və vətəndaş cəmiyyəti təmsilçilərinin də iştirak etdikləri qurultayda ölkəmizi Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi və Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsənin və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun daxil olduğu nümayəndə heyəti təmsil edib.

Qurultaydan öncə fevralın 22-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayanın salamlama nitqlərindən sonra AK Parti tərəfindən xarici qonaqların və diplomatik missiya rəhbərlərinin şərəfinə rəsmi ziyafət verilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) VIII Böyük Qurultayı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə fevralın 23-də Ankara İdman Sarayında keçirilib.

Türkiyə Prezidenti çıxışı zamanı AK Partinin zəngin və şərəfli inkişaf yolu keçdiyini, xalqın etimadını layiqincə doğrultduğunu vurğulayıb. O, məqsədyönlü daxili və xarici siyasət nəticəsində qazanılan uğurlara nəzər salıb və qarşıda duran hədəfləri diqqətə çatdırıb. Dövlət başçısı iqtisadi inkişafın təmin olunması, xalqın rifahının yüksəldilməsi, milli və regional təhlükəsizliyə təhdidlərə qarşı qətiyyətli mübarizə aparılması, dövlətin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi kimi məsələlərə toxunaraq müəyyən olunmuş bütün vəzifələrin müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Qurultayın həm Türkiyə Respublikası, həm də AK Parti üçün xüsusi önəm daşıdığını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan yeni tarixi mərhələnin növbəti uğurlara və parlaq perspektivlərə yol açdığını söyləyərək gələcəyə yönəlik planların gerçəkləşdirilməsi üçün partiya nümayəndələrinin üzərinə böyük məsuliyyət və mühüm vəzifələrin düşdüyünü vurğulayıb.

Qurultayda Prezident Rəcəb Tayyib Ərdoğan yenidən yekdilliklə Ədalət və İnkişaf Partiyasının Sədri seçilib, səsvermə nəticəsində partiyanın rəhbər strukturlarının yeni tərkibi müəyyənləşib.

Səfər çərçivəsində fevralın 24-də YAP Sədrinin müavini Tahir Budaqov ilə AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya arasında görüşlər də keçirilib.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Partinin VIII Böyük Qurultayının uğurla baş tutması və Efkan Alanın AK Parti Sədrinin birinci müavini, Zafer Sırakayanın isə partiya Sədrinin xarici əlaqələr üzrə müavini vəzifələrinə yenidən seçilmələri münasibətilə onları təbrik edib və bundan sonrakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Tahir Budaqov AK Partinin iqtidarda olduğu son 22 ildə reallaşdırılan möhtəşəm layihələr və qazanılan uğurlar nəticəsində Türkiyə dövlətinin gücünün və nüfuzunun xeyli artdığını bildirərək Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin bütün milli məqsədlərinin müvəffəqiyyətlə həyata keçiriləcəyinə inamını ifadə edib.

Görüşlər zamanı “Bir millət, iki dövlət” prinsipinə, dostluğa, qardaşlığa və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində ən yüksək səviyyəyə çatdığı bildirilib, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin milli maraqların təmini və müştərək hədəflərin gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin istər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, istərsə də regionda və daha geniş miqyasda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaranması – yeni geosiyasi nizamın formalaşması baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında da rifaha və tərəqqiyə xidmət etdiyi, genişmiqyaslı və səmərəli birgə fəaliyyətin Türk Dövlətləri Təşkilatının (TDT) qlobal miqyasda güc mərkəzinə çevrilməsinə hədəfləndiyi söylənib. Vurğulanıb ki, TDT-nin müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi hər iki dövlət üçün mühüm prioritetdir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir.

Görüşlər zamanı dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq hakim partiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından son dərəcə vacib olduğu bildirilərək 2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin uğurla icra olunduğu və hazırda partiyalararası münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd edilib, bundan sonra da birgə hərəkət edərək ümumi hədəflərin inamla reallaşdırılacağına əminlik ifadə olunub.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.


Bənzər xəbərlər