Yasamal rayonunda blokda məskunlaşan gənc sakinlərə narahatlıq verir - VİDEO
Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 8 ünvanında yerləsən binanın sakinləri narahatlıq içindədir. Onların bildirdiyinə görə, bir gənc bir müddətdir ki, binanın blokunda məskunlaşıb və narkotik vasitələrdən istifadə edir. Sakinlər bu şəxsin yalnız burada gecələməklə kifayətlənmədiyini, hətta zəruri ehtiyaclarını da blokda ödədiyini bildirirlər. Bina sakinləri bu vəziyyətin onların və övladlarının təhlükəsizliyini təhdid etdiyini düşünərək aidiyyəti qurumlara müraciət ediblər. Onlar məsələ ilə bağlı operativ tədbir görülməsini və bloklarının təhlükəsizliyinin təmin olunmasını xahiş edirlər.
Sakinlər Patrulaz.az-a verdikləri məlumatda onu da qeyd ediblər ki, vəziyyət getdikcə daha da kritik hal alır, bloku üfunət iyi bürüyüb və problemin həlli üçün hüquq-mühafizə orqanlarının və digər müvafiq qurumların müdaxiləsinə ehtiyac var. Onlar ümid edirlər ki, məsələ tezliklə həllini tapacaq və bina sakinləri özlərini yenidən təhlükəsiz hiss edə biləcəklər.