Yeni paytaxt hansı şəhər ola bilər? - RƏYLƏR
Paytaxtın köçürülməsi məsələsi yenidən ictimai müzakirələrin diqqət mərkəzinə çevrilib. Xüsusilə media və ekspert dairələrində bu mövzu ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. Dünyada bəzi ölkələrin paytaxtlarını dəyişməsi bu məsələyə marağı daha da artırır.
Yeni paytaxt hansı şəhər ola bilər?
Patrul.az mövzu ilə bağll deputatların fikirlərini öyrənib.
Milli Məclisin deputatı Günay Ağamalı:

“Paytaxtın köçürülməsi ilə bağlı müzakirələr zaman-zaman dünyanın müxtəlif ölkələrində gündəmə gəlir. Bəzi dövlətlər əhalinin sıxlığı, təhlükəsizlik, regional inkişaf və idarəetmə məsələlərini nəzərə alaraq qərarlar qəbul ediblər.
Azərbaycanda da bu mövzu ətrafında fərqli fikirlərin səsləndirilməsi cəmiyyətin gələcək inkişaf perspektivlərinə marağından xəbər verir.
Ancaq hesab edirəm ki, paytaxt məsələsi strateji yanaşma tələb edən məsələsidir. Bakı yalnız inzibati mərkəz deyil. Bakı Azərbaycanın siyasi, iqtisadi, diplomatik və mədəni simvoludur. Dövlətçiliyimizin əsas idarəetmə mexanizmləri Bakıda formalaşıb. Eyni zamanda paytaxtımız beynəlxalq tədbirlərə ev sahibliyi edən, regionun mühüm siyasi platformalarından birinə çevrilmiş şəhərdir.
Digər tərəfdən, ölkənin balanslı inkişafı baxımından regionların gücləndirilməsi məsələsi də olduqca vacibdir. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, yeni şəhərlərin salınması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri Azərbaycanın gələcək inkişaf modelini ortaya qoyur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi və strateji mərkəzlərə çevrilməkdədir.
Bəzi ekspertlər yeni paytaxt təklifi kimi müxtəlif şəhərlərin adını çəkirlər. Zənnimcə, hazırkı mərhələdə əsas məsələ regionların Bakı ilə paralel şəkildə inkişafının genişləndirilməsidir.
Dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi siyasət də məhz ölkənin bütün bölgələrinin bərabər inkişafına hesablanıb.
Ölkəmizin qarşısında duran əsas hədəf güclü, təhlükəsiz və dayanıqlı dövlət modelini daha da möhkəmləndirməkdir”.
Milli Məclisin deputatı Aydın Hüseynov:

“Paytaxtın köçürülməsi ilə bağlı zaman-zaman fikirlər ortaya atılıb. Doğrudur, digər ölkələrin də belə bir praktikası mövcuddur. Sadəcə olaraq biz paytaxtımızın köçürülməsinin səbəblərinə fikir verməliyik. Təbii ki, ilk növbədə hər birimizi düşündürən məsələ tıxaclardır. Tıxacın aradan qaldırılması üçün optimal variantlardan biri də paytaxtın köçürülməsidir. Lakin düşünürəm ki, Bakı şəhəri artıq yaxşı mənada bir simvola çevrilib. Beynəlxalq arenada da Bakının nüfuzu getdikcə artmaqdadır. Yaxşısı budur ki, bugünkü gündə paytaxtımızda hansı problemlər varsa, onları aradan qaldırmaq yönündə addımlar atılsın. Paytaxtda yerləşən bir çox qurumların, bəzi nazirliklərin, ali təhsil müəssisələrinin, məktəblərin, xüsusilə kolleclərin regionlara köçürülməsi daha yaxşı olar. Bu addım şəhərdə sıxlığı azaltmaqla yanaşı, eyni zamanda həmin bölgələrin də tanınmasına, inkişafına və iqtisadiyyatının güclənməsinə böyük təkan verə bilər. Bundan əlavə, Bakının mərkəz hissəsində tikintilərin azaldılması da düşünülmüş variantlardan biridir. Son olaraq fikrimi belə yekunlaşdıra bilərəm ki, Bakı hər bir cəhəti ilə elə mərkəz kimi qalsa, daha yaxşıdır. Əsas olan, problemlərin digər istiqamətə yönəldilməsidir”.
Ləman Sərraf






