media-inshot_20260501_122904598

Ötən günlərdə Neftçala rayonunda 19 yaşlı oğlan və 14 yaşlı qız hamam otağında dəm qazından zəhərləniblər. Təəssüf ki, gənc oğlanın ölümü ilə nəticələnən bu faciənin başqa tərəfləri də cəmiyyəti narahat edir. 

Bugünkü gündə yeniyetmələrin gözlərinin vaxtından tez “açılması” böyük problemlərin ortaya çıxmasına səbəb olur.

Bəs görəsən, yeniyetmələr niyə erkən “ayılırlar”?

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, bu cür hadisələr cəmiyyətdə haqlı olaraq narahatlıq yaradır və emosional reaksiyalar doğurur:

“Amma belə halları yalnız sensasiya kimi yox, daha dərindən, psixoloji və sosial kontekstdə anlamaq vacibdir. Yeniyetməlik dövrü insan həyatında ən həssas mərhələlərdən biridir. Bu dövrdə şəxsiyyət formalaşır, emosional sistem daha intensiv işləyir, riskləri dəyərləndirmə mexanizmləri isə hələ tam yetkin səviyyəyə çatmır. Yeniyetmələrin “erkən ayılması” kimi ifadə edilən məsələ əslində bir neçə paralel prosesin nəticəsidir. Bir tərəfdən bioloji olaraq hormonal dəyişikliklər onların emosiyalarını daha güclü və kəskin edir. Digər tərəfdən sosial mühit sürətlə dəyişir. İnformasiya əlçatanlığı artıb, sosial media vasitəsilə yeniyetmələr yaşlarına uyğun olmayan məzmunlarla tez-tez qarşılaşırlar. Bu isə onların psixoloji inkişaf tempini təbii axarından çıxarır, sanki yaşanmamış mərhələləri “keçmiş kimi” hiss etmələrinə səbəb olur”.

media-inshot_20260501_122348344

Müsahimiz, burada ən kritik məqamın nəzarət yox, müşayiət olduğunu vurğulayıb:

“Çünki yeniyetmə nə qədər qadağa ilə qarşılaşırsa, bir o qədər gizli davranışlara yönəlir. Amma əgər o, valideyn və ya yaxın böyüklə açıq ünsiyyət qura bilirsə, riskli situasiyarda daha sağlam qərar vermə ehtimalı artır. Təəssüf ki, bir çox hallarda ailə daxilində emosional bağ zəif olur, ünsiyyət formal xarakter daşıyır və yeniyetmə öz suallarına cavabı kənarda axtarmağa başlayır. Eyni zamanda mühit faktoru da çox önəmlidir. Yeniyetmələr təkcə ailənin yox, həm də dost çevrəsinin, sosial qrupların təsiri altındadır. Qəbul olunmaq ehtiyacı bu dövrdə çox yüksəkdir və bəzən bu ehtiyac onları riskli davranışlara yaxınlaşdıra bilir. Bu isə onların real təhlükələri yetərincə qiymətləndirmədən qərar verməsinə gətirib çıxarır”.

E.Rüstəmov əlavə edib ki, belə halların qarşısını almaq üçün yanaşma sistemli olmalıdır:

“Ailə, məktəb və cəmiyyət arasında koordinasiya olmalıdır. Maarifləndirmə yalnız məlumat vermək səviyyəsində qalmamalıdır, eyni zamanda emosional savadlılıq formalaşdırılmalıdır. Yeniyetmələrə “nə etmək olmaz” demək kifayət etmir, onlara “niyə” və “necə düzgün seçim etmək olar” izah edilməlidir. Ən əsası isə odur ki, biz yeniyetməni problem kimi yox, inkişaf mərhələsində olan fərd kimi qəbul etməliyik. Onun davranışının arxasında həmişə bir ehtiyac, bir sual və ya bir boşluq dayanır. Bu boşluqları vaxtında və düzgün şəkildə doldurmaq isə həm ailənin, həm də cəmiyyətin ortaq məsuliyyətidir”.

Ləman Sərraf


Bənzər xəbərlər