media-2025101517110479

Yardımlı rayon Şıxlar kəndində M.T.Zamanov adına tam orta məktəbdə 10-cu sinifin bağlanması şagirlərin narazılığına səbəb olub.

Bu barədə Patrulaz.az-a öz şikayətini bildirən sözügedən məktəbin 10-cu sinif şagirdi Rihad Kamilovun bildirdiyinə görə, sinfin bağlanmasına səbəb şagird sayının 4 nəfər olması olub.

Sinifi bağlanan şagirdlərə isə digər kəndlərdəki məktəblərdə təhsillərini davam etdirmələri bildirilib. Lakin yolun uzaqlığı və nəqliyyat çətinliyi R.Kamilovun və digər üç şagirdin narazılığına səbəb olub:

“Bizə dedilər ki, qonşu kənd məktəblərindən birinə gedə bilərsiniz. Amma biz kənd yerindəyik, yollar uzaqdır, nəqliyyat yoxdur. Buna görə də öz məktəbimizdə oxumaq istəyirik”, – deyə R.Kamilov bildirib.

Məsələ ilə bağlı şagirdlər və onların valideynləri Lənkəran-Astara Regional Təhsil İdarəsinə də müraciət ediblər. Onlar idarəyə qonşu məktəblərin uzaqda olduğunu və bu şəraitdə dərsə davam etməyin mümkün olmadığını qeyd etsələr də, cavabında sinifin yenidən açılmasının mümkün olmadığı söylənilib.

Yardımlı rayon Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbinin 10-cu sinf şagirdləri sinifin tez bir zamanda bərpa edilməsini və öz məktəblərində təhsillərini davam etdirməyə şərait yaradılmasını xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər