media-inshot_20260217_145031629

Son dövrlər psixoloqların diqqət çəkdiyi mövzulardan biri də insanların şəxsi sərhədlərini qoruya bilməməsi ilə bağlı yaranan problemlərdir. Başqalarının istəklərini öz ehtiyaclarından üstün tutan və davamlı şəkildə güzəştə gedən şəxslərin sayı az deyil. Bu hal təkcə xarakter xüsusiyyəti deyil, zamanla insanın psixoloji durumuna ciddi təsir göstərə bilən amilə çevrilə bilər.

Bəs sərhədlərini qoruya bilməyən insanlarda hansı psixoloji problemlər yarana bilər?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki, şəxsi sərhədlərini qoruya bilməyən insanlar zamanla emosional tükənmişlik, özünə inamsızlıq və daxili narazılıq kimi psixoloji çətinliklərlə üzləşə bilərlər:

“Sərhədlərini qoruya bilməyən insanlarda zamanla bir sıra psixoloji çətinliklər yarana bilər. Belə insanlar tez-tez öz istəklərini arxa plana atır, “yox” deməkdə çətinlik çəkir və başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün tutur. Nəticədə daxili narazılıq, yığılmış qəzəb və emosional tükənmişlik formalaşır. Bu vəziyyət uzun müddət davam etdikdə özünə dəyər hissi zəifləyə bilər. İnsan özünü istifadə olunan, eşidilməyən və dəyərsiz hiss etməyə başlayır. Bu da depressiv əlamətlərə, narahatlıq pozuntularına və özünə inamsızlığa yol aça bilər. Bəzi hallarda isə passiv aqressiya yaranır, insan açıq şəkildə etiraz etməsə də, münasibətlərdə soyuqluq, küskünlük və gizli qəzəb nümayiş etdirir”.

media-inshot_20260217_144500250

Psixoloqun sözlərinə görə, şəxsi sərhədlərin olmaması insanı toksik və manipulyativ münasibətlərə açıq hala gətirir, halbuki sərhəd qoymaq eqoizm deyil, sağlam və balanslı münasibətlərin əsasını təşkil edən özünə hörmətdir:

“Sərhədlərin olmaması münasibətlərdə balansı pozur. Belə insanlar daha çox toksik münasibətlərə cəlb olunur, manipulyasiyaya açıq olur və psixoloji istismara məruz qalma riski artır. Eyni zamanda kimlik qarışıqlığı yarana bilər, insan nə istədiyini, nəyə ehtiyacı olduğunu ayırd etməkdə çətinlik çəkir. Sağlam psixoloji vəziyyət üçün şəxsi sərhədlər vacibdir. Sərhəd qoymaq eqoizm deyil, özünə hörmət formasıdır. İnsan öz sərhədlərini tanıyıb qoruduqda həm daxili rahatlığı artır, həm də münasibətlər daha sağlam və şəffaf olur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər