Yuxuda niyə yüksəklikdən yıxılırmış kimi hiss edirik? - MARAQLI
Sən də gecə yuxuya yeni getdiyin anda sanki uçurumdan yıxıldığını hiss edib qəfil diksinmisən? Bəlkə də bu hal sənə yad deyil. Qısa, amma qəfil bir sarsıntı… Sanki ruhun bədəndən çıxır, yerə çırpılır və birdən ayılırsan. Yatdığımız zaman çox vaxt elə olur ki, bədənimiz bir boşluğa düşür. Qaranlıq, səssiz bir boşluq… Biz hələ tam yuxuya getməmiş, amma artıq düşüncələrdən ayrıldığımız o anlarda qəfil diksinirik. Bu zaman yuxudan sanki yüksəkdən yerə düşürmüş kimi oyanırıq. Bəlkə də bu hiss bir saniyə çəkir. Amma o bir saniyədə insan bir ömür boyu içindən keçirdiyi qorxuları, narahatlıqları və qaranlıqla üzləşməni yaşayır.
Patrulaz.az araşdırmasına görə, bu qəribə, bəzən qorxulu hissin elmi adı “Hipnik sarsıntıdır.
Bəs həm tibbi, həm də psixoloji aspektdən baxıldıqda, bu yıxılma hissi əslində nə deməkdir? Bədən bizə nə anlatmağa çalışır?
Yatmağa başladığımız anda bədənimizin qəfil tərpənməsi və ya yıxılma hissi elmi olaraq “Hipnik sarsıntı” adlanır. Bu, yuxu mərhələləri arasında keçid zamanı sinir sistemində baş verən ani bir boşalma və əzələlərin qeyri-iradi hərəkətidir.
Araşdırmaya görə, bu hal adətən birinci yuxu mərhələsinə, yəni beyin tam yatmağa hazırlaşdığı, amma hələ də ayıqlıqla yuxu arasında qaldığı anlara təsadüf edir.
Bu hal niyə baş verir?
Stress və yorğunluq
İnsan stress altında olduqda beyin gecə də dincəlmir. Gərgin günlərdən sonra beyin sinir sistemi daha da həssas olur. Bu narahatlıq halı bədənin yuxuya tam keçidini pozur və hipnik sarsıntılara səbəb olur. Bu yıxılma hissi əslində insanın daxili çırpınmalarının fiziki təzahürüdür.
Stimulyatorlar və spirt
Alkoqol və bəzi dərmanlar yuxu mərhələlərinin balansını pozur. Yatmazdan əvvəl qəhvə içmək bu reaksiyanı artıra bilər. Bu, daha yüngül yuxu vəziyyətində uzun müddət qalmağımıza, nəticədə isə bu cür narahatedici hərəkət hisslərinin yaranmasına səbəb olur.
Kofein
Kofein sinir sistemini oyaq saxlayır. Həddindən artıq qəhvə və ya enerji içkiləri qəbul edənlərdə yuxunun dərinliyinə keçid çətinləşir. Bu isə əzələlərin qeyri-iradi seğirmə və yıxılma reaksiyası ilə nəticələnə bilər.
Yuxu rejiminin pozulması
Əgər bədən uzun müddət kifayət qədər yuxu almayıbsa, yuxuya keçid prosesində “panik siqnallar” baş verir. Bədən yuxuya ehtiyac duyduğu halda, beynin hələ də oyaq qalmağa çalışması bu halı daha da intensivləşdirə bilər.
Yuxu zamanı yıxılma hissini yaşamamaq üçün bir sıra çıxış yolları var:
1. Yatmazdan əvvəl rahatlamağa çalışın.
Günün stresini yatağa daşımaq yuxunu pozur. Musiqi, kitab, meditasiya və ya dərin nəfəs məşqləri ilə rahatlanmaq faydalıdır.
2. Kofein və spirt istifadəsini azaldın. Xüsusən axşam saatlarında bu maddələrdən uzaq durmaq yuxunun keyfiyyətini artırır.
3. Rutin yaradın.
Hər gün eyni saatda yatmaq və oyanmaq bədənə sabitlik verir və yuxuya keçidi asanlaşdırır. Yüngül idman və nəfəs məşqləri bədəni sakitləşdirmək üçün faydalıdır.
4. Elektron cihazlardan uzaq olun. Ekranların yaydığı süni işıq beynin “hələ gündüzdür” mesajı almasına səbəb olur və yuxuya keçidi ləngidir.Bu zaman telefon və televiyadan uzaq durun.
Anidən baş verən “yıxılma” hissi sadəcə əzələ refleksi deyil, bədənin səssizcə “məni dinlə” deməsidir. İnsan həyatın içində də belə yıxılır. Öz iç səsini susdurub başqalarının gözləntilərinə doğru yol aldıqca, hər addım onu bir az daha özündən uzaqlaşdırır. Və bir gün, gecənin bir alatoranında bədən oyanır, və ruh deyir: “Oyan, bu sən deyilsən”.






