Zelenski müharibənin nə vaxt bitə biləcəyini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində Rusiya ilə atəşkəs elan olunana qədər seçkilərin keçirilməyəcəyini açıqlayıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski atəşkəslə yanaşı təhlükəsizlik zəmanətlərinin də qəbul edilməsini əsas şərt kimi irəli sürüb.
“Mən demişəm ki, bunu etmək çox asandır: atəşkəs elan edilsin və seçkilər keçiriləcək”, – deyə o əlavə edib.
Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampın iyun ayına kimi tərəflər arasında sülhün əldə olunmasına çalışdığını bildirib:
“Tramp Ukraynada iyun ayına qədər sülhün təmin edilməsinə çalışır”.
Zelenski qeyd edib ki, əgər Rusiya da razılaşarsa, “yaya qədər düşmənçiliklərə son qoymaq” mümkün ola bilər.
Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, müharibə vəziyyətində olan ölkədə seçkilər keçirilə bilməz. Məhz Rusiya ilə 2022-ci ildən davam edən müharibə və tətbiq olunan hərbi vəziyyət səbəbindən ölkədə seçkilər müvəqqəti olaraq dayandırılıb.






