"Zelenski Qərbin alətinə çevrildi, Ukraynanı müharibəyə onlar sürüklədi" - ŞƏRH
“Zelenski əvvəldən Ukrayna xalqının deyil, Qərbin maraqlarına xidmət etməklə fəaliyyət göstərməyə başladı. Buna görə də, əgər Zelenski həqiqətən xalq tərəfindən seçilmiş lider kimi davransaydı, ölkəsini münaqişəyə sürükləməzdi. Bir sözlə, onu hakimiyyətə gətirən, başda ABŞ olmaqla – Qərb idi. Məhz bu yolla da onlar Volodimir Zelenskidən alət kimi istifadə etdilər və nəticədə onu Rusiya ilə münaqişəyə sürüklədilər”.
Bu sözləri Patrul.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin yeni ildə istefa verəcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirərək, Rusiya–Ukrayna müharibəsindəki gərginliyin Zelenskinin Qərbin təsiri altına düşməsi ilə əlaqəli olduğunu bildirib və tərəflər arasında qalibin Rusiya olacağını qətiyyətlə vurğulayıb:
“Xatırladaq ki, 2015-ci ildə Ukrayna öz problemlərini sülh yolu ilə həll etmək üçün “”Minsk razılaşması”nı imzalamışdı. Əgər Zelenski həmin razılaşmadan imtina etməsəydi, münaqişə baş verməyəcəkdi. Yəni Ukrayna daxilində yaranmış gərginlikləri sülh yolu ilə həll etmək daha asan idi, nəinki indiki vəziyyətdən çıxmaq. Zelenski hakimiyyətə gəldiyi vaxt açıq şəkildə bu razılaşmanın Ukrayna xalqına uyğun olmadığını bildirərək, ölkəsini müharibəyə sürüklədi. Daha doğrusu, ABŞ, Qərb və Avropa Birliyi Ukraynanı Rusiya ilə qarşıdurmaya gətirərək onu cəhənnəmə sürüklədilər. ABŞ lideri Donald Trampın da qeyd etdiyi kimi, bu münaqişənin səbəbkarı ABŞ-nin sabiq prezidenti Co Baydendir.”

Politoloq əlavə edib ki, hazırkı durumda Ukrayna ərazisinin 20–25 faizini itirib və bu proses davam edir. Onun sözlərinə görə, Ukraynaya məxsus təbii sərvətlərin böyük hissəsi artıq Rusiyanın nəzarəti altındadır:
“Əgər bu müharibə baş verməsəydi, Ukrayna yüz minlərlə əsgərini itirməzdi, on milyonlarla insan da ölkəsini tərk etməzdi. Bir sözlə, Zelenskinin avantürist siyasəti nəticəsində Ukrayna bu gün bu vəziyyətdədir. Nə qədər ki, Zelenski hakimiyyətdədir, bu münaqişənin həlli real görünmür”.
A. Məsiyev fikrincə, müharibə Rusiyanın irəli sürdüyü şərtlərin Ukrayna tərəfindən qəbul edilməsi ilə başa çatacaq. Onun sözlərinə görə, ölkədə korrupsiyaya yol verən Zelenski və onun siyasi komandası istefa vermək məcburiyyətində qalacaq:
“İndiki reallığa baxsaq, görürük ki, Rusiya həm hərbi, həm də siyasi müstəvidə qalib tərəfdir. Rəsmi Kremlin şərtləri tam qəbul edilməsə, münaqişə öz həllini tapmayacaq. Rusiya dəfələrlə bu savaşın sülh yolu ilə həllində maraqlı olub. Xatırladaq ki, 2022-ci ilin payızında əldə olunan İstanbul razılaşmasına görə, atəşkəs elan olunmalı və münaqişə sülh yolu ilə həll edilməli idi. Həmin razılaşmanın şərtləri indiki şərtlərdən daha yumşaq idi.
O zaman Zelenskini müharibəyə təhrik edən Böyük Britaniyanın baş naziri Boris Conson indi haradadır? Conson Ukraynanı qızışdıraraq İstanbul sazişindən çəkindirdi. İndi isə Ukrayna daha ağır şərtlərlə danışıqlar masasına oturmağa məcburdur”.
Politoloq bildirib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticə vermədi:
“Bu müharibəni yaradanlar Rusiyanı sanksiyalarla dünya siyasi xəritəsindən silmək istəyirdilər. Amma bu avantürist ssenari özünü doğrultmadı. Çünki nüvə doktrinasına malik bir dövləti xəritədən silmək mümkün deyil. Zelenski isə Qərbin təzyiqinə uyaraq həm təbii sərvətlərini, həm də yüz minlərlə canlı qüvvəsini itirdi”.
A.Məsiyev əlavə edib ki, hazırkı gedişat Zelenskinin siyasi arenanı tərk edəcəyini göstərir:
“Artıq Zelenskinin komandasına qarşı korrupsiya qalmaqalları da ortaya çıxıb. Siyasi elitanın bir sıra üzvlərinin istefa verməsi göstərir ki, Zelenski və komandası ölkənin düşdüyü ağır vəziyyətdən öz mənafeləri üçün istifadə etməyə çalışıblar. İstənilən halda, Zelenski hakimiyyətdən gedəcək və Ukrayna xalqı torpaqlarını itirməsi ilə barışmaq məcburiyyətində qalacaq. Bu gün Ukraynanın başına gələnlər Qərbin demokratik ideyalarının məntiqi nəticəsidir”.
Gülbəniz Səfərova






