Zelenskinin NATO-dan imtina etməsi məsələsinin arxasında nələr dayanır? - ŞƏRH
2022-ci ilin 24 fevral tarixində Rusiya-Ukrayna müharibəsinin başlamasına əsas səbəblərdən biri də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya üzvlük istəyi olmuşdur. Son proseslərə əsasən, Donald Trampın xüsusi elçisi Stiv Vitkov və Cared Kuşnerin Ukrayna Prezidenti Zelenski ilə Berlində 5 saat davam edən görüşündə böyük irəliləyiş əldə olunduğu bildirilib.
Görüşdən sonra Zelenski ABŞ, Avropa və tərəfdaş ölkələrdən aydın və hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri müqabilində ölkəsinin NATO üzvlüyündən imtina etməyə hazır olduğunu açıqlayıb.
Maraqlıdır ki, vaxtıykən bu məsələyə görə, ölkəsinin müharibəyə daxil olmasını riskə atan Zelenskinin indi NATO-ya üzvlükdən imtina etməsinə səbəb olan əsas amillər hansılardır? Onun bu təşkilatdan imtinası müharibənin bitməsinə şərait yarada bilərmi?
Bu barədə Patrul.az-a açıqlama verən politoloq Elşad Həsənov bildirib ki, Zelenskinin NATO-ya üzvlükdən imtina etməsi ilə bağlı fikirlər səsləndirməsinin əsas səbəbi müharibə bitdikdən sonra da ölkəsini Rusiyanın gələcək işğal cəhdlərindən qorumaqdır:
“Ukrayna-ABŞ danışıqları nəticə vermədi. Volodimir Zelenski də Donbasdan çıxmaqdan imtina etdi. Buna görə, 5 və 2 saatlıq danışıqlar aparılsa da, ABŞ-nin təkidi ilə Ukrayna qoşunlarının Donbasın 6,6 min km² ərazisində yerləşməsi hələlik Kiyevin mövqeyində qalır. Qoşunların oradan çıxmasına razılıq verilmədi, çünki torpaq vermək prezidentin səlahiyyətində deyil, bunu isə yalnız referendum nəticəsində həll etmək olar. Zelenski də buna hazırdır, ancaq ölkədə hələ də müharibə davam edir. Buna cavab olaraq Ukraynanın tələbi müharibənin dayandırılması və atəşkəsin əldə olunmasıdır ki, bunu da yalnız referendum yolu ilə həll etmək olar. Təbiidir ki, referendum nəticəsində də heç kəs torpaq verməyə razı olmayacaq”.

Politoloq qeyd edir ki, Zelenskinin atəşkəs istəyi də təhlükəsizlik zəmanəti ilə sıx bağlıdır. Həsənovun sözlərinə görə, bu zəmanət yalnız atəşkəsin əldə olunmasından sonra reallaşa bilər və məqsədi Ukraynanın təhlükəsizliyini təmin etməkdir:
“Bu müharibədə Ukrayna üçün əsas məsələ təhlükəsizlik zəmanətinin əldə edilməsidir. O, bu zəmanəti ABŞ və NATO-dan ala bilər. Yəni, NATO-nun 5-ci maddəsinə görə, əgər Ukraynaya hücum olunarsa, ABŞ və NATO buna qarşı tədbir görəcək. Razılıq verilərsə, Zelenski də müəyyən məsələlərdə güzəştə getməyə hazır olacaq. Ona görə də, hələlik müharibə davam etdiyindən təhlükəsizlik təminatı tam verilmir. Ukrayna da haqlı olaraq əvvəlcə bu təminatı almaq istəyir, çünki müharibə dayansa da, bir neçə il sonra Rusiya yenidən Ukraynaya hücum edərək onu işğal etməyə çalışa bilər. Bir sözlə, zəmanət olmasa, Rusiya Ukraynaya qarşı yenidən müharibə cəhdində olacaq. Ona görə də Zelenskinin əsas istəyi Ukraynaya təhlükəsizlik təminatının verilməsidir”.
E. Həsənov həmçinin tərəflər arasındakı torpaq mübahisəsinin referendum yolu ilə də həll oluna bilməyəcəyini vurğulayır:
“Stiv Vitkov və Cared Kuşnerin Zelenski ilə birinci danışıqlarında əsas məsələ Ukraynanın təhlükəsizliyinin təmin olunması idi. İkinci danışıqlarda isə rusların tələbi və ABŞ-nin təhdidi ilə Ukraynanın öz qoşunlarını Donetskın işğal olunmamış ərazilərindən çıxarması müzakirə olunurdu. Amma qeyd etdiyim kimi, bu danışıqların heç biri nəticə vermədi. Hesab edirəm ki, 2026-cı ilin ilk aylarına qədər danışıqlar davam edəcək. Həmin ilin may–iyun aylarında müharibə yekunlaşarsa, vəziyyət yaxşı olacaq. Hələlik isə müharibə davam edəcək”.
Beləliklə, Zelenskinin NATO-ya üzvlükdən imtina etməsinə əsas səbəb ölkəsinin Rusiyanın gələcək işğal cəhdlərindən qorunması üçün təhlükəsizlik zəmanəti əldə etmək istəməsidir.
Gülbəniz Səfərova






