media-inshot_20251105_132056416

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində işlərin son mərhələyə çatdığını bildirib. Onun sözlərinə görə, hazırda bölgədə intensiv işlər həyata keçirilir.

Bəs Zəngəzur dəhlizinin tam olaraq nə zaman istifadəyə verilməsi gözlənilir?

Mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, Zəngəzur dəhlizi təkcə regionun deyil, bütün Türk dünyasının və Avrasiyanın strateji-kommunikasiya xəritəsini dəyişdirən qlobal layihəyə çevrilməkdədir.

Deputatın sözlərinə görə, bölgədə gedən siyasi proseslər, regional güc balansı və görülən işlər nəzərə alınarsa, dəhlizin açılışı yaxın dövr üçün real perspektiv kimi görünür:

“Hikmət Hacıyev tərəfindən də qeyd olunduğu kimi, Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində işlərin tamamlanma mərhələsinə çatması, bu istiqamətdə görülən işlərin praktiki nəticəyə yaxınlaşdığını göstərir.

Bu, dövlətimizin regional nəqliyyat sistemində əsas tranzit mərkəzinə çevrilməsi yolunda mühüm mərhələdir. Möhtərəm, Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və məqsədyönlü diplomatik xətti nəticəsində dəhliz yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının və geniş mənada Avrasiya məkanının iqtisadi inteqrasiyasına xidmət edən qlobal dəhlizə çevrilməkdədir.

Hazırkı proseslərə əsasən demək olar ki, Zəngəzur dəhlizinin tam açılması yaxın gələcəkdə mümkün görünür. Bu proqnoz, həm infrastrukturun tamamlanma tempi, həm də Ermənistanla sərhəd nəzarəti və tranzit mexanizmləri üzrə aparılan razılaşdırma proseslərinin gedişi ilə bilavasitə bağlıdır”.

media-inshot_20251105_130516179

G.Ağamalının sözlərinə görə, Zəngəzur dəhlizinin açılış vaxtı birbaşa Ermənistanın həyata keçirəcəyi işlərdən asılıdır:

“Burada əsas diqqətlər yenə də Ermənistan üzərində cəmləşir. Yəni, rəsmi İrəvan həm siyasi iradə, həm də paraleldə infrastrukturun reallaşdırılmasına fokuslanmalıdır. Çünki, Ermənistan ərazisindəki, xüsusilə, dəhlizin keçəcəyi ərazidə tamamilə yeni yollar, körpülər, bir sözlə əsaslı infrastruktur sistemi düzəldilməlidir. Bu isə müəyyən qədər zaman tələb edir. Məhz bu kimi məsələlər öz həlini tapandan sonra dəhlizin açılması üçün hər hansı bir maneə qalmıyacaq.

Ümümiyyətlə, Zəngəzur dəhlizinin açılması regionda tamamilə yeni geosiyasi və iqtisadi reallıq yaradacaq. Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsinin bərpası, Orta Dəhlizin tam gücü ilə işləməyə başlaması və Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin formalaşacaq.

Zəngəzur dəhlizi Azərbaycanın siyasi iradəsinin, milli gücünün və strateji uzaqgörənliyinin parlaq təzahürüdür. Zəngəzur dəhlizinin açılması ilə dövlətimizin regional liderliyi daha da möhkəmlənəcək, ölkəmizin iqtisadi və nəqliyyat təhlükəsizliyi tam təmin ediləcək”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər