1,4 milyard insandan bir komanda tapılmadı! – Çin futboluna hətta robotlar belə…
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində uğur qazana bilməyən Çin milli komandası bir daha azarkeşlərini məyus edib.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, 1,4 milyard əhaliyə və nəhəng iqtisadi gücə sahib olan ölkə hələ də dünya futbol səhnəsində özünü göstərə bilmir.
2023-cü ildə Çin Yaponiyaya 7:0 uduzdu, hazırda isə İndoneziyaya qarşı oyunu uduzacağı təqdirdə təsnifatdan kənar qalacaq. Hətta qələbə qazansa belə, iyunun 10-da Bəhreynə qalib gəlməlidir ki, yoluna davam edə bilsin. FIFA reytinqində Çin 94-cü yerdədir. Çin hətta müharibənin getdiyi Suriyadan da geri qalır.
Çin prezidenti Si Cinpin aprel ayında insanabənzər robotlar istehsal edən şirkətə səfəri zamanı ironiya ilə “Robotları komandaya qata bilərikmi?”, – deyə zarafat etmişdi. Bu zarafat Çindəki futbol böhranının ironik simvoluna çevrildi.
Çinli şərhçi Zhang Feng futbol barəsinə bu ifadələri işlədib:
“Futbol Çindəki sosial və siyasi problemlərin aynasıdır. Bu, azad cəmiyyət deyil. Komandada güvən yoxdur, yaradıcılıq isə sıfıra bərabərdir”. Onun sözlərinə görə, siyasətin və korrupsiyanın oyuna müdaxiləsi sistemli inkişafı məhv edir.
Mütəxəssislər Çin futbolunun geriləməsini bir neçə səbəblə izah edirlər:
– İdman qərarlarında dövlət müdaxiləsi;
– Yuxarıdan-aşağı idarəetmə;
– Korrupsiya və danışıqlı oyunlar;
– Gənclərdə akademik təzyiqin idmanı üstələməsi;
– Azad futbol mədəniyyətinin olmaması.
Qeyd edək ki, Çin qadınlar komandası tarixən daha uğurludur. 1999-da Dünya Kubokunun finalına yüksəlib. Lakin son illərdə onlar da zəifləyiblər.
İngilis futbol eksperti Rowan Simons bildirib ki, Çində valideynlər futbolu riskli gələcək kimi görürlər. Korrupsiya və peşəkar inkişafın olmaması valideynləri uşaqlarını bu sahədən uzaq tutur.
Çində futbol yalnız idman deyil, sistemin güzgüsüdür. Məqsədlə yox, göstərişlə idarə olunan bu oyunda Çin hələ də qapıya dəqiq zərbə endirə bilmir.
Gülbəniz Səfərova






