İran kəşfiyyatı: "İsrailin nüvə və hərbi mərkəzləri ilə bağlı məxfi məlumatlar əldə edilib"
“İran kəşfiyyatı İsrailin nüvə və hərbi mərkəzləri ilə bağlı məxfi məlumat əldə edib”.
Patrulaz.az “Tasnim News”a istinadən xəbər verir ki, bunu İranın kəşfiyyat naziri İsmail Xətib deyib.
Nazirin sözlərinə görə, əldə olunan sənədlər arasında ABŞ və bəzi Avropa ölkələri ilə birgə aparılan layihələr, İsrailin əvvəlki və hazırkı silah proqramları, köhnə nüvə silahlarının modernləşdirilməsi və yenidən işlənməsi layihələri, həmçinin nüvə silahlarının hazırlanmasında iştirak etməyən şəxslərin inzibati məlumatları yer alır:
“Ölkəyə daşınan xəzinədə İsraillə bağlı milyonlarla səhifəlik müxtəlif və dəyərli məlumat var. Bu sənədlərdə rejimin əvvəlki və hazırkı silah layihələri… köhnə nüvə silahlarının modernləşdirilməsi və yenidən işlənməsi layihələri, ABŞ və bəzi Avropa ölkələri ilə birgə layihələr, o cümlədən inzibati struktur və nüvə silahının hazırlanmasında iştirak etməmiş şəxslər haqqında tam məlumatlar var”.
Məlumatlara görə, 189 israilli nüvə və hərbi mütəxəssisin şəxsi məlumatları və ünvanları, eləcə də iyun ayında İsrail ilə baş vermiş 12 günlük müharibə zamanı “sonradan İran raketləri tərəfindən məhv edilən” gizli ikili təyinatlı obyektlərin koordinatları əldə olunub.






