“3-cü cəhd tələbələrə ikinci şans verir, amma əlavə təzyiq də yarada bilər” - Psixoloq
İmtahan dövrü bir çox tələbə üçün yalnız bilik yoxlaması deyil, həm də ciddi psixoloji sınaq hesab olunur. Uğursuzluq qorxusu, yüksək gözləntilər və gələcəklə bağlı narahatlıqlar gənclərdə stress və emosional gərginliyi artırır. Son günlərdə magistr imtahanının 3-cü cəhd imkanı isə bəziləri tərəfindən tələbələr üçün əlavə şans kimi qiymətləndirilsə də, digərləri bunun qeyri-müəyyənliyi və psixoloji yükü daha da artırdığını düşünür.
Bəs, ümumilikdə 3-cü cəhd imkanı tələbələrin psixoloji vəziyyətinə necə təsir edir – bu imkan stressi azaldır, yoxsa əksinə, təzyiq və narahatlığı daha da artırır?
Bununla bağlı ailə və yeniyetmə psixoloqu Fəridə Şərifova Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, 3-cü cəhd sistemi tələbələrə “hər şey bir imtahandan asılı deyil” hissi verdiyi üçün ümumilikdə psixoloji baxımdan stressi azaldan müsbət addım hesab oluna bilər:
“Mənim fikrimcə, magistr imtahanlarında 3-cü cəhd imkanının həm müsbət, həm də mənfi tərəfləri var.
3-cü cəhd sistemi tələbələrə əlavə şans verdiyi üçün ümumilikdə müsbət addımdır. Amma Azərbaycan cəmiyyətində ailə gözləntiləri və sosial təzyiq yüksək olduğu üçün bu əlavə şans bəzi tələbələrdə yeni stress də yarada bilər. Burada əsas məsələ insanların bu sistemi necə qəbul etməsidir.
Bir tərəfdən, əlavə cəhd tələbələrə psixoloji rahatlıq verə bilər. Çünki bir çox tələbə imtahana “əgər alınmasa hər şey bitdi” düşüncəsi ilə girir. Azərbaycanda ailələrin və cəmiyyətin təhsil sahəsində gözləntiləri yüksək olduğu üçün tələbələr üzərində ciddi təzyiq yaranır. Bu baxımdan 3-cü cəhd tələbəyə “bir dəfə alınmasa da, yenə şansım var” hissi verir və bu da stressi azalda bilər”.

F.Şərifova qeyd edir ki,əlavə cəhd imkanı bəzi tələbələrdə “üç şansım olduğu halda uğursuz olmamalıyam” düşüncəsi yaradaraq psixoloji təzyiqi daha da artıra bilər:
“Amma digər tərəfdən, əlavə cəhd bəzən yeni stress də yarada bilər. Çünki ailə və ətraf insanlar düşünə bilər ki, “üç şansın var, deməli mütləq yüksək nəticə göstərməlisən.” Bu da tələbədə əlavə məsuliyyət hissi yaradır. Hətta bəzi tələbələr “əgər üç dəfə də uğur qazana bilməsəm, deməli mən təmamilə bacarıqsızam” kimi fikirlərə düşə bilərlər”.
Psixoloq həmçinin vurğulayır ki, əlavə cəhd tələbə tərəfindən ikinci şans kimi qəbul olunarsa stressi azalda, əlavə təzyiq kimi dəyərləndirilərsə isə psixoloji gərginliyi artıra bilər:
“Bundan əlavə, imtahan prosesinin uzanması da tələbəni yorur. İnsan uzun müddət hazırlaşanda həm emosional, həm də psixoloji olaraq tükənə bilər. Daim imtahan haqqında düşünmək narahatlığı artırır.
Ümumilikdə psixoloji baxımdan düşünürəm ki, bu sistem düzgün yanaşıldıqda faydalıdır. Əgər tələbə əlavə cəhdi dəstək və ikinci şans kimi görərsə, stress azalacaq. Amma cəmiyyət və ailə bunu əlavə təzyiq vasitəsinə çevirərsə, əks təsiri də ola bilər”.
Cəmilə Cəfərzadə






