“30 ildən sonra Ayda tətil mümkün olacaq”
“Mövcud inkişaf tempi qorunub saxlanılarsa, yaxın 30 il ərzində insanların Ayda tətil etməsi reallaşa bilər”.
Patrul.az xəbər verir ki, bunu NASA-nın veteran astronavtı, professor Bonni Danbar bildirib.
Beş kosmik uçuş həyata keçirən 77 yaşlı astronavt qeyd edib ki, Aya səyahətin baş tutması yalnız kosmik texnologiyaların və investisiyaların hazırkı inkişaf tempinin qorunmasından asılıdır.
Bununla belə, B.Danbar müasir dövrdə kosmik proqramlara ayrılan büdcənin azlığını kəskin tənqid edib:
“Apollon” dövründə ABŞ federal büdcəsinin 4,4%-i kosmosa yönəldilirdi. Hazırda isə bu rəqəm 1%-dən azdır. Amerikalılar kosmetikaya kosmik proqramlara xərclədiklərindən daha çox pul xərcləyirlər”.
O, bəşəriyyətin gündəlik həyatının tamamilə kosmik infrastruktura bağlı olduğunu diqqətə çatdırıb.
Keçmiş astronavtın sözlərinə görə, qlobal bankçılıq əməliyyatları, maliyyə köçürmələri, internet və rabitə şəbəkələri (məsələn, “Starlink”), həmçinin nəqliyyat və hərbi logistikanı idarə edən naviqasiya (GPS) sistemləri birbaşa peyklərin fəaliyyətindən asılıdır.
Dünyadakı geosiyasi gərginliyin kosmosa da sıçradığını deyən B.Danbar orbitdəki peyk sistemlərinə ediləcək hər hansı kiber və ya fiziki hücumun Yer kürəsindəki həyatı, iqtisadiyyatı və infrastrukturu bir anda tamamilə iflic edə biləcəyi barədə xəbərdarlıq edib:
“Yer üzündə etdiyimiz kimi, kosmosda da özümüzü qorumağı öyrənməliyik”.
Qeyd edək ki, Dr. Bonni Danbar NASA-da 27 il çalışıb və kosmosa 5 fərqli missiya ilə (STS-61-A, STS-32, STS-50, STS-71, STS-89) uçub. Kosmosda ümumilikdə 1 200 saatdan (50 gündən) çox vaxt keçirən veteran astronavt həm də keramika mühəndisliyi üzrə alimdir. O, NASA-dan ayrıldıqdan sonra bir müddət Sietldakı Uçuş Muzeyinə rəhbərlik edib.
Hazırda universitetdə aerokosmik mühəndislik üzrə professor olaraq fəaliyyətini davam etdirir.
Gülbəniz Səfərova






