"Zəngəzur Dəhlizi tranzit daşımalara əlavə töhfə verəcək" - Prezident
“Biz uzun müddətdir ki, dəhlizlərin yaradılmasında təşəbbüskar olmuşuq – enerjidən başlayaraq nəqliyyata, indi isə elektrik enerjisinə və fiber optikaya qədər. Ölkəmizin potensialı gücləndikcə və beynəlxalq əlaqələr inkişaf etdikcə, mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik”.
Patrul.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə CBC Televiziyası kanalının jurnalistinin “Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat dəhlizlərinin formalaşmasında öz rolunu hansı şəkildə görür?” sualını cavablandırarkən söyləyib.
Prezident Zəngəzur Dəhlizinin tranzit daşımalara töhfəsindən də danışıb:
“Neft və qaz boru kəmərlərimizin tikintisi başa çatmış bir fakt hesab edilə bilsə də – qaz nəqliyyat infrastrukturumuzun genişləndirilməsinə ehtiyac olsa da – və dəmir yolu ilə bağlı məsələlər qismən həll olunsa da, Azərbaycan tranzit daşımalarını təmin etməkdə və ya öz məhsullarını ixrac etməkdə heç bir ciddi çətinlik çəkməsə də, Zəngəzur Dəhlizi əlavə bir töhfə olacaq”.
Dövlət başçısı həmçinin bu sahədə süni intellektin roluna diqqət çəkib:
“Hazırda biz xüsusilə elektrik kabellərinə, fiber-optik kabellərə və məlumat mərkəzlərinin və süni intellektin inkişafı vasitəsilə məlumatların daşınmasına və tranzitinə diqqət yetiririk”, – deyə dövlət başçısı əlavə edib.






