"4 erməni məhkumun təhvil verilməsi Azərbaycanın sülhə sadiqliyinin göstəricisidir" - Deputat
Məlum olduğu kimi, ötən günlərdə erməniəsilli vətəndaşlardan Azərbaycanda müharibə cinayətləri törətməkdə təqsirləndirilərək cinayətləri sübuta yetirilmiş, məhkum edilmiş və cəzalarını almış şəxslərdən dörd nəfərin Ermənistana geri qaytarılması və Həkəri çayı üzərindəki körpüdə təhvil verilməsi baş tutdu.
Bu hadisənin mahiyyəti barədə Patrul.az-a şərh verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, cinayətləri məhkəmə qaydasında sübut olunmuş 4 erməni məhkumun Ermənistana təhvil verilməsi Azərbaycan dövlətinin cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulmuş sülh, sabitlik, əməkdaşlıq mühiti, o cümlədən birbaşa dialoqa sədaqətinin göstəricisidir:
“Bu, Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşmasında mühüm mərhələ hesab edilməlidir.
Azərbaycan dövləti və vətəndaşlarına qarşı cinayət törətmiş həmin şəxslərin Ermənistana verilməsinin müharibədən yeni çıxmış cəmiyyətdə müzakirələr yaratması təbiidir, lakin nəzərə almalıyıq ki, Azərbaycan dövləti həmin cinayətkarları bağışlamayıb. Onlar Ermənistana çoxsaylı əməllərə görə təqsiri sübut olunmuş, barələrində ittiham hökmü olan məhkumlar kimi cəzaçəkmə müəssisələrində cəzalarının müəyyən müddətini çəkdikdən sonra təhvil verilib. Yəni bəzi Qərb dairələrinin, o cümlədən Avropa İttifaqı strukturlarının çoxsaylı bəyanat və qətnamələrinin əksinə, Bakı həmin cinayətkarlara münasibətdə öz mövqeyini qətiyyətlə qoruyaraq ortaya təkzibedilməz hüquqi situasiya qoymaqla, anti-Azərbaycan mərkəzlərin arqumentlərini yerlə-yeksan edib”.

Millət vəkili qeyd edib ki, digər tərəfdən, ölkəmiz həmin şəxslərə münasibətdə öz məqsədinə çatıb:
“Daha dəqiq desək, onlar Azərbaycan ədalət mühakiməsi qarşısına çıxarılıb, barələrində Azərbaycan məhkəməsi hökmü qüvvəyə minib, Azərbaycanda müəyyən müddət də olsa, cəzalarını çəkiblər. Beləliklə, hər kəs şahidlik edib ki, Azərbaycan dövlətinə və vətəndaşına münasibətdə heç bir cinayət cəzasız qalmır. İndi isə Azərbaycan dövləti sülh, sabitlik və etimad mühiti naminə həmin şəxslər üzərindən gediş edir və hər kəs də razı olar ki, cari məqamda həmin cinayətkarların daha faydalı formada istifadə olunması onların həbsxanada bəslənməsindən daha məqsədəmüvafiqdir”.
“Təbii ki, Ermənistan cəmiyyətində də məsələyə reaksiya müxtəlifdir, amma son nəticədə dəyişməyən bir məqam var ki, proseslərin gedişini Azərbaycan diktə edir, Azərbaycanın təklif etdiyi gündəlik üzrə, ikitərəfli və vasitəçisiz dialoq fayda verir. Üstəlik müharibədən sonrakı dövrdə dəfələrlə sübut olunub ki, proseslərin hərəkətverici qüvvəsi kimi Azərbaycan dövlətinin bütün kompromis xarakterli addımları miqyasca daha böyük maraqlarımızın təmininə yönəlib və regional xarakterli nəticələrlə müşahidə olunub”,– deyə o əlavə edib.
Ləman Sərraf






