media-inshot_20260506_102327500

Azərbaycan əsilli reper Navai (Nəvai Bəkirov) qara rəngli “Ferrari”si ilə qəzaya düşüb.

Patrul.az xəbər verir ki, hadisə Moskvanın Zubovski bulvarında, “Park Kulturı” metro stansiyası yaxınlığında baş verib.

Belə ki, reperin idarə etdiyi qara rəngli, dövlət nömrə nişanı olmayan “Ferrari” idarəetmədən çıxaraq əvvəlcə ağaca, daha sonra isə işıqfora çırpılıb.

Hadisə yerindən yayılan ilk görüntülərdən məlum olub ki, Navai avtomobildə tək olmayıb. Onunla birlikdə dostu da maşında olub. Qəza zamanı Navai və yanındakı sərnişin xəsarət almayıb.

Avtomobilin isə arxa təkəri qopub, ön hissəsi ciddi zədələnib, həmçinin yanacaq sızması da baş verib.

Məlumata görə, reper avtomobili yeni alıb. Nəqliyyat vasitəsinin dəyəri təxminən 30-66 milyon rubl (550 min – 1,2 milyon AZN) arasında qiymətləndirilir.

Qəzadan sonra açıqlama verən reper yüksək sürətlə hərəkət etmədiyini bildirib:

“Təkərlər pis idi. Sürətlə getmirdim”.

Navainin sözlərinə görə, o, təxminən saatda 60-65 kilometr sürətlə hərəkət edib. Musiqiçi bildirib ki, dövlət nömrə nişanı olmayan “Ferrari” idman təkərlərinə görə idarəetmədən çıxaraq fırlanıb. O əlavə edib ki, avtomobilə görə narahat deyil, əsas odur ki, hər kəs sağ qalıb.

Hazırda hadisə yerində yol polisi əməkdaşları araşdırma aparır.

Onu da qeyd edək ki, bu qəza “HammAli & Navai” qrupunun məşhur “Девочка-война” klipində rol almış aktrisa və fotoqraf Kseniya Dobromilovanın ölümündən cəmi bir neçə saat sonra baş verib. 35 yaşlı aktrisa həmin gün Bolşaya Doroqomilovskaya küçəsində motosikletçiləri çəkərkən baykerin vurması nəticəsində həyatını itirib.


Bənzər xəbərlər