Bu ölkədə eyvandan paltar asanlar ağır cərimələnəcəklər - Yeni qərar
İspaniyada balkonlardan paltar asmaq qadağan edilib.
Patrul.az-ın məlumatına görə, bu qərar 2026-cı ilin may ayında qəbul olunub.
Məlumata əsasən, qadağa təkcə balkonlara paltar asmaqla məhdudlaşmır. Vizual çirklənməyə səbəb olduğu bildirilən döşək, çarpayı və qaz balonları kimi əşyaların balkonlara və ya bina fasadlarına qoyulması da qadağandır.
Həmçinin eyvandan xalça və ya paltar çırpmaq, küçəyə (piyadaların üstünə) su axıtmaq, yaxud eyvandan sallanaraq piyadalar üçün təhlükə yarada biləcək hər hansı əşya yerləşdirmək qəti şəkildə qadağan olunub.
Bundan başqa, paltarların eyvanın daxili hissəsində – yəni küçədən və yoldan tamamilə görünməyən, xüsusi konstruksiyalarla gizlədilmiş yerlərdə qurudulmasına icazə verilir.
Bu qərarın verilməsinə əsas səbəb şəhərlərin estetik görünüşünü qorumaqdır. Qərarın icrasına xüsusilə turizm zonalarında daha ciddi nəzarət edilir.
Bildirilib ki, qayda pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq pilləli cərimə sistemi tətbiq olunacaq. Belə ki, balkon barmaqlıqlarına paltar asanlar 151 avrodan 750 avroya qədər, fasadlara paltar qurutma rəfləri quraşdıranlar isə 1500 avroya qədər cərimə ediləcəklər.
Sakinlərə yeni qaydalara uyğun olaraq eyvan və fasadları təmizləmək, asılqanları yığışdırmaq üçün bir ay vaxt verilib. Bu müddət bitdikdən sonra polis və bələdiyyə müfəttişləri tərəfindən birbaşa cərimələrin yazılmasına başlanılacaq.
Gülbəniz Səfərova






