600-dən yuxarı bal toplayan 10 abituriyent universitetə qəbul ola bilmədi - SƏBƏBLƏR
Məlum olduğu kimi, ötən günlərdə ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlandı. Sevindirici xəbərlər, yüksək ballar, xəyallarına qovuşan abituriyentlərin sayı çox olsa da, yüksək bal toplayaraq universitetə qəbul olmayanlar da var.
Belə ki, 600-dən yuxarı bal toplayan 10 abituriyent ali məktəblərə qəbul ola bilməyib. Onların əksəriyyəti IV ixtisas qrupunda tibbi ixtisası seçənlər olub.
Bəs bu abituriyentlərin yüksək bal toplamalarına rəğmən heç bir ali təhsil müəssisəsinə qəbul ola bilməmələrinin səbəbi nədədir?
Patrulaz.az məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədova müraciət edib.
Ekspert bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesi hər il minlərlə gəncin taleyini müəyyənləşdirir:
“Bu prosesdə yüksək bal toplamaq abituriyentin zəhmətinin göstəricisi olsa da, həmişə uğurlu nəticə ilə tamamlanmır. Son illərin statistikası göstərir ki, hətta 600-dən yuxarı bal toplayan bir sıra abituriyentlər universitetlərə qəbul ola bilmirlər. Xüsusilə IV ixtisas qrupu üzrə tibb sahəsini seçən gənclər arasında bu vəziyyət daha çox müşahidə olunur. Bu, həm ictimaiyyətin, həm də təhsil siyasətinə cavabdeh qurumların diqqətindən yayınmamalıdır, çünki burada həm struktur problemləri, həm də strateji planlaşdırma çatışmazlığı açıq-aşkar görünür”.
Kamran Əsədov vurğulayıb ki, tibbi ixtisasların son illərdə ən çox tələbat olunan sahəyə çevrilməsi təsadüfi deyil:
“Cəmiyyətin sağlamlıq sisteminə ehtiyacı, həkim peşəsinə artan maraq, iş imkanlarının nisbətən geniş olması və sosial nüfuz bu seçimin əsas səbəblərindəndir. 2025/2026-cı tədris ili üçün tibb ixtisaslarına ayrılan plan yerlərinin sayı cəmi 2000-ə yaxın olduğu halda, həmin ixtisaslara on minlərlə müraciət daxil olmuşdur. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, IV qrup üzrə 600+ bal toplayan abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə artıb, lakin yerlərin sayında ciddi dəyişiklik baş verməyib. Nəticədə, bəzi ixtisaslarda keçid balı 650-dən də yuxarı olub. Beləliklə, 610–620 bal toplamaq abituriyent üçün yüksək göstərici sayılsa da, “Müalicə işi” və “Stomatologiya” ixtisaslarına qəbul üçün yetərli olmayıb”.
Təhsil eksperti bu vəziyyətin əsas səbəblərindən biri olaraq ixtisas seçimində planlaşdırmanın səmərəsiz aparılmasını göstərib:
““Təhsil haqqında” Qanunun 14-cü maddəsində dövlətin təhsilin inkişafı üçün proqnozlar hazırlaması, kadr hazırlığını əmək bazarının tələblərinə uyğun təşkil etməsi birbaşa göstərilir. Ancaq faktiki vəziyyət göstərir ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə elmi əsaslandırılmış proqnoz hazırlayıb, nə də geniş ictimai müzakirə təşkil edib. Nazirlik illərdir artan marağı görsə də, tibbi ixtisaslarda plan yerlərinin sayını adekvat şəkildə artırmayıb. Halbuki dünya təcrübəsi göstərir ki, bu sahədə tələb artdıqca dövlət ya əlavə dövlət sifarişi ayırır, ya da yeni tədris mərkəzləri yaradır. Məsələn, Türkiyədə son on ildə tibb fakültələrinin sayı iki dəfədən çox artırılıb, Almaniyada isə regionlar üzrə həkim çatışmazlığına cavab olaraq xüsusi kvotalar tətbiq edilib. Azərbaycanda isə hələ də plan yerləri ilə real tələbat arasında kəskin uyğunsuzluq qalır”.
Onun sözlərinə görə, məsələnin digər tərəfi isə abituriyentlərin seçim davranışıdır:
“Bir çox gənc yalnız bir neçə, bəzən isə cəmi bir ixtisas kodu yazır. Bu, onların qəbul şansını azaldır. Amma burada da məsuliyyəti təkcə abituriyentin üzərinə atmaq doğru deyil. Çünki dövlət orqanları ixtisas seçimi mərhələsində kifayət qədər maarifləndirmə işi aparmır, valideyn və abituriyentlərə risklərin izahı verilmədən “seçim sizin ixtiyarınızdadır” prinsipi ilə yanaşılır. Elm və Təhsil Nazirliyinin saytında və ya rəsmi sosial media hesablarında sadəcə statistik elanlar paylaşılır, lakin “balınız bu aralıqdadırsa, seçiminizi daha geniş edin” kimi yönləndirici addımlar atılmır. Bu da nəticədə yüksək nəticə göstərən gəncin arzularının puç olması ilə bitir.
Müsbət tərəfi odur ki, bu vəziyyət bir daha göstərir: ali təhsil sistemimizdə yüksək nəticə göstərənlərin sayı artıb, bu da orta məktəb təhsilində müəyyən müsbət dəyişikliklərin göstəricisidir. Ancaq mənfi tərəf daha böyükdür – dövlət planlaması real tələbi qarşılaya bilmir, gənclərin gələcəyi risk altına düşür, ailələrin illərlə verdiyi zəhmət və maddi sərmayə boşa çıxır. Ən ciddi problem isə budur ki, bu məsələ hər il təkrarlanır, amma heç bir strateji addım atılmır. Elm və Təhsil Nazirliyi və DİM yalnız imtahanların təşkilatçısı kimi çıxış edir, lakin nəticələrin sosial və iqtisadi nəticələrinə dair sistemli siyasət yürütmür”.
“Dünya təcrübəsində tibb təhsili ən rəqabətli sahələrdən biridir, amma həll yolları da çoxdur. Finlandiyada əlavə seçim mərhələsi, Almaniyada motivasiya müsahibələri, İngiltərədə isə akademik baldan əlavə qabiliyyət testləri tətbiq olunur. Azərbaycan isə hələ də yalnız bal meyarına bağlı qalır. Bu isə həm tədris keyfiyyətinə, həm də gənclərin ümidlərinə zərbə vurur. Əslində, qanunvericilikdə nəzərdə tutulmuş “təhsilalanların maraqlarına uyğun imkanların yaradılması” prinsipi də pozulmuş olur.
Nəticə etibarilə, 600-dən yuxarı bal toplayan abituriyentlərin qəbul ola bilməməsi təkcə şəxsi uğursuzluq deyil, sistemin uğursuzluğudur. Dövlətin vəzifəsi bu qədər gəncin arzularını puç etmək yox, onları düzgün yönləndirmək, imkanları artırmaq və seçimləri reallığa uyğunlaşdırmaqdır. Əks halda, hər il eyni problemin təkrarlanması təhsil sisteminə inamı azaldacaq, gənclərdə ədalətsizlik hissi güclənəcək. Elm və Təhsil Nazirliyi bu istiqamətdə konkret plan və proqnoz ortaya qoymasa, problemin daha da dərinləşəcəyi qaçılmazdır”,– deyə o əlavə edib.
Ləman Sərraf






