870 CAN İTKİSİ: Yaxın Şərqdə müharibə böyüyür
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlar və İranın bölgədəki hədəflərə cavab zərbələri nəticəsində həlak olanların sayı açıqlanıb.
Patrul.az “The New York Times”a istinadən xəbər verir ki, hər üç tərəf arasında baş verən qarşıdurma nəticəsində ümumilikdə 870 nəfər həlak olub.
Məlumata görə, qurbanların böyük əksəriyyəti iranlılardır. Ölənlər arasında Bəhreyn, İsrail, Küveyt, Livan və BƏƏ vətəndaşları, həmçinin altı amerikalı hərbçi də var.
Bundan bir gün əvvəl İran ölkədə ölənlərin sayının 787-yə çatdığını açıqlamışdı.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də Tehranda yerləşən malikanəyə endirilən zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei, onun qızı, nəvəsi, gəlini və kürəkəni də daxil olmaqla onlarla yüksək vəzifəli məmur və hərbçi həlak olub.
İran Qızıl Aypara Cəmiyyətinin yaydığı məlumata görə, ölkə ərazisinə ümumilikdə 1039 hücum həyata keçirilib və 153 şəhər zərər görüb. Həmin şəhərlərə 1009 təcili yardım qrupu cəlb olunub.
İsraildə isə azı 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb. ABŞ ordusu martın 2-də bildirib ki, fevralın 28-də başlayan “Epik Qəzəb” əməliyyatı çərçivəsində İrana edilən hücumlar zamanı altı amerikalı hərbçi həlak olub.
Xatırladaq ki, genişmiqyaslı müharibə fevralın 28-də ABŞ və İsrailin İrana qarşı “qabaqlayıcı” hərbi əməliyyata başlaması ilə başlayıb.
ABŞ və İsrail bildirir ki, hücumların məqsədi İran rejimini sabitsizləşdirmək və ölkənin nüvə ambisiyalarını cilovlamaqdır.
ABŞ Prezidenti Donald Tramp isə əməliyyatların davam etdiyini və qarşıdurmanın həftələrlə davam edə biləcəyini açıqlayıb.
Gülbəniz Səfərova






