"Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı qüvvələrindən birinə çevrilib" - MİLLƏT VƏKİLİ
“Türk Dövlətləri Təşkilatının bütövlükdə regiona və qlobal iqtisadiyyata töhfəsinin artması müşahidə olunur. Nəzərə alsaq ki, hazırda təşkilatın nominal ümumi daxili məhsulu 2,1 trilyon dollardan çoxdur, mövcud potensialı nəzərə alındıqda bu rəqəmin 6 trilyon dollara yaxınlaşması mümkündür. Bu baxımdan Türk dünyası həm iqtisadi həcminə, həm də yerləşdiyi coğrafiyaya və siyasi gücünə görə dünyada fərqlənən birliklərdən biridir. Təbii ki, Azərbaycan təşkilat daxilində xüsusi töhfə verən ölkələrdəndir. Bir tərəfdən, Cənubi Qafqazda yeni geosiyasi düzənin formalaşmasında Azərbaycanın mühüm rolu olub. Praktiki olaraq, regionda mövcud nizam məhz Azərbaycanın mövqeyi hesabına formalaşıb. Bu isə Türk Dövlətləri Təşkilatının inkişafına təkan verən əsas amillərdən biridir”.
Bu fikirləri Prezident İlham Əliyevin TDT-yə üzv dövlətlərin hökumət başçıları ilə görüşü ilə bağlı Patrul.az-a təəssüratlarını bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat bildirib ki, Azərbaycanın coğrafi mövqeyi onu Türkiyə ilə Mərkəzi Asiya və Avropa arasında strateji körpüyə çevirərək Türk dünyasının gücünün artmasında mühüm rol oynayır:
“Çünki Cənubi Qafqaz, xüsusilə Azərbaycan, Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır. Eyni zamanda, bu marşrut Mərkəzi Asiya ilə Avropa arasında da strateji bağlantı yaradır.Bu kontekstdə Azərbaycanın coğrafi mövqeyi təşkilatın inkişafında və gücünün artmasında xüsusi əhəmiyyət kəsb edir”.

V. Bayramov qeyd edir ki, Azərbaycan sərmayələr və ortaq layihələr vasitəsilə Türk Dövlətləri Təşkilatının inkişafına sistemli və artan töhfə verən əsas ölkələrdən biridir:
“Bununla yanaşı, Azərbaycan Türk Dövlətləri Təşkilatına sərmayə qoyan ölkələrdəndir. Baxmayaraq ki, investisiyaların böyük hissəsi Türkiyənin payına düşür, son illərdə xüsusilə Mərkəzi Asiya dövlətləri ilə birgə fondların yaradılması və investisiya layihələrinin həyata keçirilməsi göstərir ki, Azərbaycanın bu sahədə rolu getdikcə artır.Bütün bunlar onu göstərir ki, ölkəmiz regionun iqtisadi inkişafına, xüsusilə də sərmayə qoyuluşları vasitəsilə ciddi töhfə verir. Ona görə də Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına davamlı və sistemli şəkildə töhfə verən əsas dövlətlərdən biridir”.
Cəmilə Cəfərzadə






