ABŞ-nin əsir götürdüyü Maduronun həyat yoldaşı kimdir? - ARAŞDIRMA
Son günlər Venesuelada baş verən hadisələr beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Venesuelanın Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Cilia Flores paytaxt Karakasda gecə saatlarında həbs edilərək ABŞ-nin Nyu-York şəhərinə aparılıblar.
Hadisədə diqqət çəkən əsas məqamlardan biri isə Maduronun həyat yoldaşı Cilia Floresin də onunla birlikdə həbs olunmasıdır.
Bəs Maduro ilə birlikdə onun həyat yoldaşı Cilia Floresin də həbs olunmasının səbəbi nədir?
Patrul.az-ın apardığı araşdırmaya görə, Floresin saxlanılması təsadüfi deyil və onun illərdir adı müxtəlif qalmaqallarda hallanır. Belə ki, Floresin həbsindən xeyli əvvəl onun bir neçə qohumu ABŞ-yə narkotik qaçaqmalçılığı ilə məşğul olduqlarına görə dəfələrlə məhkəməyə cəlb olunublar.
ABŞ hüquq-mühafizə orqanlarının məlumatlarına əsasən, Cilia Floresin yaxın qohumları hələ 2010-cu illərin ortalarından etibarən narkotik qaçaqmalçılığı işi üzrə istintaqın mərkəzində olublar. 2015-ci ilin noyabrında ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) onun iki qardaşı oğlu – Fransisko Flores de Freitas və Efrain Antonio Campo Floresi Haitidə ABŞ-yə 800 kiloqram kokain qaçaqmalçılığı etmək cəhdinə görə saxlayıb. Onlar daha sonra 18 il azadlıqdan məhrum edilsələr də, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin dövründə – 2022-ci ildə məhbus mübadiləsi çərçivəsində Venesuelaya qaytarılıblar.
Lakin Cilia Floresin adı təkcə bu hadisə ilə məhdudlaşmır. O, müxtəlif dövrlərdə korrupsiya, qohumbazlıq və narkotik şəbəkələri ilə əlaqələrdə ittiham olunub.
2012-ci ildə onun ailəsindən 40 nəfərin dövlət strukturlarında işə götürülməsinə təsir göstərdiyi üçün qohumbazlıqda ittiham olunduğu bildirilir.
2007-ci ildə isə Floresin “genişmiqyaslı narkotik qaçaqmalçısı” ilə Venesuelanın Milli Narkotiklərlə Mübarizə İdarəsinin direktoru, yəni narkotik aləminin tanınmış fiqurları ilə dövlət qurumları arasında əlaqə yaratmaq üçün böyük məbləğdə rüşvət almaqda ittiham edildiyi iddiaları da mövcuddur.
Maduro Cilia Floreslə necə tanış olub?
Cilia Floresin siyasi çəkisi isə onun şəxsi əlaqələri ilə daha da artır. O, Venesuelanın mərhum prezidenti Uqo Çavesin şəxsi vəkili olub və Nikolas Maduro ilə də məhz Çavesin yaxın çevrəsində tanış olub. Həmin dövrdə Maduro, Çavesin mühafizəçisi kimi çalışıb.

Çavesin hakimiyyəti illərində yüksək vəzifələr tutan Flores, onun vəfatından sonra – 2013-cü ildə Maduronun prezident seçkilərində qalib gəlməsi üçün fəal səylər göstərib. Daha sonra isə cütlük evlənib.

Cilia Floresi təkcə “prezidentin həyat yoldaşı” deyil, eyni zamanda Venesuela hakimiyyətinin kölgə fiqurlarından biri kimi qiymətləndirirlər. Onun siyasi qərarlara təsir imkanlarının yüksək olduğu, Maduronun əsas məsləhətçilərindən sayıldığı qeyd olunur. Flores haqqında “heç kim onun nə qədər güclü fiqur olduğunu tam bilmir” kimi fikirlər səsləndirilir.
Hazırda isə o, əri ilə birlikdə Nyu-York məhkəməsində narkotik və silah qaçaqmalçılığı ilə bağlı irəli sürülən ittihamlarla üzləşəcək. Onlara qarşı ittihamların 5 yanvar tarixində ABŞ-nin Nyu-York məhkəməsində rəsmi şəkildə elan ediləcəyi bildirilib.
Mənbə: BBC; CNN; Reuters; CBC News
Gülbəniz Səfərova






