ABŞ-nin “gizli silahı” üzə çıxdı: İrana zərbələrdə hədəfləri süni intellekt müəyyən edirmiş
ABŞ-nin İranla hərbi qarşıdurma zamanı hədəfləri misilsiz dəqiqliklə vurmasının pərdəarxası məlum olub. Məlumata görə, Pentaqon zərbələrin planlaşdırılması və hədəflərin anlıq müəyyən edilməsi üçün yüksək texnologiyalı süni intellekt (Sİ) sistemindən istifadə edir.
Patrul.az xəbər verir ki, söhbət ABŞ Müdafiə Nazirliyinin 2017-ci ildən bəri inkişaf etdirdiyi “Project Maven” layihəsi əsasında yaradılan platformadan gedir.
Saatlarla çəkən proses artıq saniyələr içində bitir…
İran əməliyyatlarında “Palantir Technologies” şirkətinin hazırladığı “Maven Smart System” (MSS) platforması həlledici rol oynayıb. Bu sistem döyüş meydanındakı hər bir obyekti – texnikaları, silah sistemlərini və binaları real vaxt rejimində müəyyən edir, izləyir və təsnifləndirir. Nəticədə hədəfin tapılması və vurulması üçün tələb olunan vaxt bir neçə saatdan 60 saniyəyə qədər azalıb.
“Epic Fury” əməliyyatında süni intellekt sınağı
ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epic Fury” əməliyyatı bu texnologiyanın gücünü nümayiş etdirib. Məlumatlara görə, əməliyyatın ilk 24 saatı ərzində süni intellektin köməyi ilə 1000-dən çox hədəf uğurla məhv edilib. Sistem 150-dən çox mənbədən – peyklər, dronlar, radarlar və kəşfiyyat hesabatlarından gələn nəhəng məlumat bazasını vahid interfeysdə birləşdirir.
2000 nəfərlik işi cəmi 20 nəfər görür
Hərbi mütəxəssislər bu keçidi hərb tarixində “inqilabi” addım adlandırırlar. Ona görə ki, əvvəllər təxminən 2000 nəfərlik personalın günlərlə apardığı analitik işləri indi süni intellektin dəstəyi ilə cəmi 20 nəfərlik qrup qısa müddətdə həyata keçirə bilir.
Yekun qərar yenə insandadır…
Sistemin daha bir maraqlı cəhəti “Anthropic” şirkətinin “Claude” modelinin bura inteqrasiya olunmasıdır. Bu model müxtəlif hərbi simulyasiyalar quraraq hərbçilərə ən effektiv variantları təqdim edir. Lakin texnoloji üstünlüyə baxmayaraq, Pentaqonun əsas prinsipi dəyişməz qalır: Süni intellekt yalnız təklif verir, zərbənin endirilməsi ilə bağlı yekun qərarı isə həmişə insan (hərbçi) qəbul edir.
Gülbəniz Səfərova






