media-photo-output

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya ilə ticarət əlaqələri quran ölkələrə qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyir. Respublikaçı qanunvericilər bu istiqamətdə hazırlıqları artıq sürətləndiriblər. Qanun layihəsinin hədəfində əsasən Rusiya ilə işgüzar münasibətlərini davam etdirən və iqtisadi əlaqələrini kəsməyən ölkələr dayanır.

Bəs Trampın dəstəklədiyi bu qanun layihəsi konkret olaraq hansı dövlətlərə şamil oluna bilər və bunun beynəlxalq münasibətlərə təsiri necə dəyərləndirilir?

Bu barədə politoloq Qədir Aslan Patrul.az-a açıqlamasında bildirib ki, Qazaxıstan, Ermənistan və Qırğızıstan Rusiyanın paralel importuna dəstək vermələri səbəbindən ABŞ-ın diqqətindədir:

“Bu sanksiyalarla bağlı məlumdur ki, Rusiyanın paralel importuna dəstək göstərən ölkələr mövcuddur. Qazaxıstan, Ermənistan və Qırğızıstan bu baxımdan əsas ölkələrdir. Onların adları hesabatlarda dəfələrlə qeyd olunub və onlara xəbərdarlıq edilib. Sanksiyalar paketi həmin dövlətlərə şamil oluna bilər, lakin bu yalnız ehtimaldır. Çünki son 1–2 ildə həm Ermənistan, həm Qazaxıstan, həm də digər ölkələr Vaşinqtonla münasibətlərini yaxşılaşdırıblar, xüsusilə də Tramp administrasiyası dövründə. Bu, eyni zamanda çəkindirmə məqsədi daşıyan bir addım kimi də qiymətləndirilə bilər. Trampın siyasi üslubu və strategiyası daxilində bu cür deterrent addımların atılması mümkündür.”

Q. Aslan vurğulayıb ki, Azərbaycan diversifikasiya siyasəti sayəsində açar rol oynayır və sanksiya riskindən kənardadır:

“Məlum olduğu kimi, beynəlxalq ticarət son üç ildə ənənəvi xəttindən çıxaraq fərqli qaydalarla aparılır. Bütün ölkələr, o cümlədən Rusiya ilə iqtisadi və maliyyə baxımından bağlı olan dövlətlər diversifikasiyaya gedirlər. Azərbaycan da bu ölkələr sırasında yer alır və hətta açar rolunu oynayır. Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri bu perspektivi daha da genişləndirir. Lakin hesab edirəm ki, Azərbaycana sanksiya tətbiq olunmayacaq. Çünki ən sərt dövrlərdə belə, hətta Bayden administrasiyası zamanı belə, Azərbaycana bu mövzuda heç vaxt xəbərdarlıq edilməyib. Azərbaycan bu prosesdə Rusiyaya yardım göstərmir və paralel importda iştirak etmir.”

Politoloq əlavə edib ki, beynəlxalq ticarətdə yeni yolların yaranması həm risk, həm də imkanlar yaradır:

“Beynəlxalq ticarətdə ənənəvi yolların dəyişməsi və yeni marşrutların formalaşması müəyyən risklər, təhdidlər və zərərlər doğurur. Lakin bu itkiləri kompensasiya edən beynəlxalq maliyyə fondları və investisiya qurumları mövcuddur. Onlar yeni ticarət yollarında yaranan zərərlərin əvəzini çıxır. Bununla belə, ticarət yollarının dəyişməsi və ticarət savaşları nəticəsində dünya iqtisadiyyatı son 10 ildə ciddi zərər görüb. Xüsusilə ABŞ-la Çin arasında, son üç ildə isə ABŞ-la Rusiya arasında yaranan ticarət müharibələri və sanksiyalar ənənəvi iqtisadi kateqoriyalara zərbə vurub və dövlət büdcələrinə təsir göstərib. Bununla yanaşı, alternativlər, yeni imkanlar və fürsətlər də mövcuddur və əlaqədar dövlətlər bu imkanlardan faydalana bilərlər.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər