media-fb27a7a2-7bdc-40c0-a90e-6cedf20aac42

Patrul.az redaksiyasına müraciət edən Məmmədov Elçin Rafiq oğlu anası Məmmədova Fatma Fəhrad qızına məxsus torpaq sahəsi ilə bağlı uzun müddətdir davam edən mübahisə barədə məlumat verib.

Şikayətçinin sözlərinə görə, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və çıxarış əsasında Məmmədova Fatma Fəhrad qızının mülkiyyətində olan 0,25 hektar torpaq sahəsindən hazırda Məmmədov Fazil Mayıl oğlu istifadə edir. Müraciətdə iddia olunur ki, məhkəmə qərarı olmasına baxmayaraq, torpaq sahəsi hələ də faktiki olaraq ailəyə təhvil verilməyib.

Məsələni araşdırmaq məqsədilə Patrul.az-ın əməkdaşları sözügedən ünvana yollanıblar. Kameramıza danışan Məmmədov Elçin Rafiq oğlu bildirib ki, vaxtilə atası ilə Məmmədov Fazil Mayıl oğlu şərikli biznes fəaliyyəti ilə məşğul olublar. Onun sözlərinə görə, hər iki tərəfə məxsus qonşu torpaq sahələri birləşdirilərək biznes fəaliyyəti həyata keçirilib.

Şikayətçi iddia edir ki, sonradan tərəflər arasında əməkdaşlığa son verilsə də, Məmmədov Fazil Mayıl oğlu onların mülkiyyətində olan torpaq sahəsini boşaltmayıb. Bundan sonra ailə hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət edib.

Məmmədov Elçin Rafiq oğlunun təqdim etdiyi sənədlərə əsasən, Abşeron Rayon Məhkəməsinin hakimi Məhəmməd Eminbəylinin 2 iyun 2026-cı il tarixli, e-16(5-105)-260/2026 nömrəli qərarı ilə Məmmədova Fatma Fəhrad qızının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilib.

Qərarda göstərilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin çıxarışına əsasən, Məmmədova Fatma Fəhrad qızının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsinə Məmmədov Fazil Mayıl oğlu tərəfindən istifadəyə maneə yaradan hər hansı hərəkətlərin həyata keçirilməsi qadağan edilib.

Şikayətçinin sözlərinə görə, məhkəmə qərarının icrası ilə bağlı icra nümayəndələri əraziyə gələrək Məmmədov Fazil Mayıl oğlunun əməkdaşlarını ərazidən uzaqlaşdırıblar. O iddia edir ki, həmin vaxt torpaq sahəsinin digər hissəsindən giriş qapısının qoyulması üçün hazırlıq işləri də aparılıb.

Lakin Məmmədov Elçin Rafiq oğlunun iddiasına görə, icra nümayəndələri ərazidən ayrıldıqdan sonra özlərini Məmmədov Fazil Mayıl oğluna məxsus şirkətin əməkdaşları kimi təqdim edən şəxslər ailə üzvlərini zor tətbiq edərək ərazidən uzaqlaşdırıb, açılmış giriş hissəsini isə yenidən hörərək bağlayıblar.

Şikayətçi həmçinin bildirir ki, məsələ ilə bağlı dəfələrlə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə müraciət etsə də, müraciətləri nəticəsiz qalıb. Onun sözlərinə görə, icra məmuru Elşən Əsədov qarşı tərəfin arxasında yüksək vəzifəli şəxslərin dayandığını və bu səbəbdən işi icra edə bilmədiyini bildirib. Bununla bağlı hər hansı rəsmi təsdiq təqdim olunmayıb.

Məmmədov Elçin Rafiq oğlu əlavə edib ki, hazırda icra məmurunun hərəkətsizliyi ilə bağlı iş Abşeron Rayon Məhkəməsinin hakimi Məlahət Abbasovanın icraatındadır.

Patrul.az olaraq qeyd edirik ki, yazıda yer alan Məmmədov Fazil Mayıl oğlu və digər aidiyyəti qurumlarla bağlı bütün iddialar müraciətçinin mövqeyinə əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə və məsələyə münasibətini işıqlandırmağa hazırıq.


Bənzər xəbərlər