Buzovnada drenaj xəttinin tikintisi davam edir: İşlərin 7-10 günə yekunlaşacağı bildirilir - FOTOLAR
Patrul.az redaksiyasına Xəzər rayonu, Buzovna qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən həyata keçirilən drenaj xəttinin tikintisi ilə bağlı müraciətlər daxil olub. Vətəndaşlar ərazidə işlərin ləng getdiyini, həmçinin dəniz sahilinə üz tutan şəxslərin hərəkətində müəyyən çətinliklərin yarandığını bildiriblər.
Müraciətləri araşdırmaq məqsədilə Patrul.az əməkdaşları sözügedən ərazidə olublar. Müşahidələr zamanı məlum olub ki, hazırda tikinti işləri fasiləsiz şəkildə davam etdirilir.
Ərazidə çalışan məsul şəxslərin verdiyi məlumata görə, Buzovna qəsəbəsində qurunt sularının yaratdığı problemlərin aradan qaldırılması məqsədilə ümumi uzunluğu 510 metr olan drenaj xətti çəkilir. Bildirilib ki, layihə üzrə işlərin böyük hissəsi artıq tamamlanıb və mövcud iş tempinə əsasən tikintinin təxminən 7-10 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, tikinti işləri davam etsə də, dəniz sahilinə üz tutan vətəndaşların hərəkətini təmin etmək üçün ərazidə müvəqqəti keçidlər yaradılıb və onların gediş-gəlişində yaranan çətinliklərin minimuma endirilməsi istiqamətində tədbirlər görülür.
Məsul şəxslərin sözlərinə görə, ADSEA tərəfindən drenaj xəttinin tikintisi tam başa çatdırılıb təhvil verildikdən sonra ərazidə yol örtüyünün bərpası və asfaltlanma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçiriləcək.
Patrul.az mövzu ilə bağlı görülən işləri izləməyə davam edəcək və layihənin icrası ilə bağlı yeni məlumatları oxucularına təqdim edəcək.







