Adı qalmaqalda hallanan, diplomsuz işlədiyi deyilən kosmetoloq Gülsüm Əliyeva: "Endirim edəcəyəm"
Adı həkim kimi rəsmi qeydiyyatda olmayan “VMR Estetik Klinika”nın kosmetoloqu Gülsüm Əliyeva fəaliyyətini davam etdirir.
Patrulaz.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. G.Əliyeva pasiyentlərinə müraciət edərək ona dəstək olmalarını istəyib:
“Bütün pasiyentlərimi yanıma çağırıram. Həm gözəlləşin, həm də həkiminizə dəstək olun. Söz verirəm, sizə endirim edəcəyəm… Sosial terrora son qoyaq”.
Oxu.Az Gülsüm Əliyevanın özü ilə əlaqə saxlayıb, səsləndirilən iddialara münasibət öyrənməyə çalışıb.
Diplomsuz fəaliyyət göstərməsi barədə səsləndirilən iddialara münasibət bildirən G.Əliyeva deyib ki, Azərbaycanda yox, xaricdə tibbi təhsil alıb:
“Həkimlik üzrə xaricdə təhsil almışam. Diplomum var”.
Diplomunun Azərbaycanda tanınması məsələsinə gəlincə, o qeyd edib ki, bunun üçün indi addım atıb:
“İndiyə qədər diplomumun təsdiqlənməsinə ehtiyac olmamışdı. Bu, mənim səhvim olub, boynuma alıram. Diplomumun təsdiqlənməsi üçün artıq müraciət etmişəm”.
G.Əliyeva hazırda fəaliyyət göstərmədiyini də iddia edib:
“Sosial şəbəkədəki paylaşımlar iş üçün və təlimlərlə bağlıdır. Liposaksiya əməliyyatı da təlimdə çəkilmişdi. Hazırda evdəyəm, işləmirəm”.
O, akvafilinq sahəsində Rəna Soltanovadan təlim alması barədə yayılan iddialara da münasibət bildirib:
“Həmin təlimi Rəna Soltanova keçməyib. O təlimlər illər əvvəl Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən keçirilmişdi, biz də orada iştirak etmişik”.
Lakin daha sonra məlum olub ki, Gülsüm Əliyeva kosmetoloq kimi pasiyent qəbulunu davam etdirir. Belə ki, əməkdaşımız kosmetoloji prosedur üçün onun sosial şəbəkə hesabında paylaşdığı nömrə ilə əlaqə saxlayıb. Bildirilib ki, aprelin 28-i üçün yer olmasa da, mayın 1-i üçün qeydiyyatdan keçmək mümkündür. Əlavə olaraq, müraciət zamanı Gülsüm Əliyevanın dodaq dolğusunun bir qramını 150 manata etdiyi də məlum olub.
Araşdırmamıza görə, dolğunun qiyməti hazırda ölkədə qızılın qiymətindən (1 qramı 105 manatdan başlayır) daha yüksəkdir.
Qeyd edək ki, Gülsüm Əliyevanın adı liposaksiya əməliyyatından sonra vəfat etdiyi bildirilən Gülbəniz Bayramova ilə bağlı məsələdə hallanır. Eyni zamanda, mediada yayılan məlumatlara əsasən, onun prosedurlarından sonra ayaqlarında irinlənmə və dərilərində çürümə müşahidə olunan şikayətçilər də var.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən rəsmi açıqlamaya əsasən, Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda deyil. AEM əməkdaşları 2024-cü ildə “VMR Estetik Klinika”da plandankənar yoxlama aparıblar və nəticədə müəssisənin lisenziyasız fəaliyyət göstərdiyi müəyyən olunub. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, klinika barəsində protokol tərtib edilərək məsələ müvafiq instansiyalara göndərilib.
Xatırladaq ki, kosmetoloji iş üzrə ambulator tibbi xidmət “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısına daxil olduğundan bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziya əldə etməlidirlər. Kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşayiət olunduğundan bu müəssisələr müvafiq tələblərə cavab verməlidirlər. Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdır.
Gülsüm Əliyevanın diplomunun tanınması üçün müraciət edib-etmədiyini və “VMR Estetik Klinika”nın fəaliyyət göstərməsi üçün lisenziyaya malik olub-olmadığını dəqiqləşdirmək məqsədilə müvafiq qurumlara sorğu ünvanlamışıq.