media-photo-output

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzinin mühafizəçiləri ilə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları arasında əlbəyaxa dava düşdüyünü əks etdirən videogörüntülər yayılıb.

Patrulaz.az iddia üzərində baş verdiyi bildirilən hadisənin doğruluğunu təsdiqləmək məqsədilə Dövlət Reklam Agentliyinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq ADRA-nın mətbuat katibi Hüseyn Azəri bildirib ki, 13 oktyabr 2025-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində xidməti vəzifələrini yerinə yetirən Reklam Agentliyinin əməkdaşlarına sözügedən ərazidə olan bir qrup şəxs ictimai qaydanı kobud şəkildə pozaraq zor tətbiq etmiş, bəzi əməkdaşlara xəsarətlər yetirmiş, Agentliyin avtomobillərinə isə ziyan vurmuşdur.

Onun sözlərinə görə, reklam qurğuları Sədərək Ticarət Mərkəzi daxilində deyil, yol kənarında quraşdırıldığı üçün sahibkarlıq fəaliyyətinə müdaxilə sayılmır, əksinə qanunvericiliyin tələblərinə uyğun olaraq açıq məkanda yerləşən reklam sayılır.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov da bildirib ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Gülbəniz Səfərova


Bənzər xəbərlər