Ağ Şəhər bulvarında əlillər üçün ayrılan parklanma yerləri məqsədindən kənar istifadə olunur - VİDEO
Patrul.az redaksiyasına videomüraciət ünvanlayan vətəndaş Bakı şəhərinin Ağ Şəhər bulvarı ərazisində yerləşən parklanma yerləri ilə bağlı narazılığını ifadə edib.
Şikayətçinin sözlərinə görə, ərazidə fiziki məhdudiyyətli şəxslərin istifadəsi üçün ayrılmış xüsusi parklanma yerləri təyinatına uyğun istifadə edilmir. Belə ki, həmin yerlərdə əlilliyi olan şəxslərə məxsus nəqliyyat vasitələri əvəzinə adi sürücülərin avtomobilləri park edilir.
Vətəndaş bildirir ki, bu hal fiziki məhdudiyyətli şəxslərin hərəkət imkanlarını məhdudlaşdırır və onlar üçün nəzərdə tutulmuş parklanma yerlərindən istifadəni çətinləşdirir. Videogörüntülərdə də xüsusi nişanlarla qeyd olunmuş parklanma sahələrində müxtəlif nəqliyyat vasitələrinin saxlanıldığı görünür.
Qeyd edək ki, əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerlərinin digər sürücülər tərəfindən zəbt edilməsi qanunvericiliyin tələblərinə zidd hesab olunur və inzibati məsuliyyət yarada bilər.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələni araşdıracaq və əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində zəruri tədbirlər görüləcək.
Günay Salayeva






