Alıcı mağazada məhsulu sındırarsa, ödəməlidirmi? - Hüquqi açıqlama
Mağazalarda alış-veriş zamanı bəzən alıcıların bilmədən məhsulu sındırması və ya zədələməsi kimi hallar yaşana bilər. Bu isə həm alıcının, həm də mağaza sahibinin hüquqi məsuliyyətini gündəmə gətirir. Məsələ o qədər geniş yayılıb ki, mağaza əməkdaşları ilə müştərilər arasında tez-tez mübahisələrə səbəb olur. Mağazada alıcı bir malı təsadüfən sındırarsa, bunun dəyərini ödəmək məcburiyyəti varmı və bu məsuliyyət qanunla necə tənzimlənir?
Bu barədə vəkil Asim Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, Mülki Məcəlləyə görə, bir şəxsin digərinə vurduğu maddi zərər delikt sayılır və zərəri vuran həmin dəyəri tam şəkildə ödəməyə borcludur:

“Mülki məcəllənin 14-cü maddəsinə əsasən, başqa şəxslərə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsini şərtləndirən əsaslardan biridir. Mülki məcəllənin 1096-cı maddəsinə görə delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu mümasibətlərə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntuya, yəni delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə, əmlakına vurulmuş zərərin, həmçinin hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna. vurulmuş zərərin əvəzini tam həcmdə ödəməyə borclu olur. Zərərçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malik olur”.
Vəkilin sözlərinə görə, zərər vuran şəxs ziyanı tam ödəməyə borcludur, zərərçəkən isə həmin məbləğin ödənilməsini tələb etmək hüququna malikdir.
Cəmilə Cəfərzadə






