Alimlərdən şok tədqiqat: Bu qara dəlik inanılmaz sürətlə böyüyür
Elm adamları kainatda aşkar edilən qara dəlikdən heyrətə gəliblər. Bu qara dəlik indiyə qədər görünənlərdən ən sürətli şəkildə maddə udur.
Patrulaz.az xəbər verir ki, Harvard və Smithsonian Astrofizika Mərkəzindən Luka İqinin rəhbərlik etdiyi alimlər qrupu müəyyən edib ki, RACS J0320-35 adlı kvazarın mərkəzindəki qara dəlik maddəni Eddinqton həddindən 2,4 dəfə çox sürətlə udur.
Eddinqton həddi qara dəliyin sabit şəkildə uda biləcəyi maksimum maddə miqdarıdır. Normalda bu həddi keçmək mümkün deyil, çünki radiasiya təzyiqi maddələrin içəriyə çəkilməsinə mane olur.
Amma alimlər deyirlər ki, bu qayda qısa müddətlik pozula bilər və həmin vaxt qara dəliklər çox sürətlə böyüyə bilər. Bu hadisə “super-Eddinqton toplanması” adlanır.
“Bu kəşf ilkin kainatda qara dəliklərin böyümə mexanizmini anlamaq üçün açar rolunu oynaya bilər”, – deyə Luka İqi qeyd edib.
Xatırladaq ki, NASA-nın Chandra X-şüaları Rəsədxanası 2023-cü ildə bu kvazarı qeydə alıb. Daha sonra Hindistan və Avstraliyada radioteleskoplarla aparılan müşahidələr də nəticələri təsdiqləyib.
Qeyd edək ki, alimlərin araşdırması The Astrophysical Journal Letters jurnalında dərc olunub.






