"Ankara ABŞ-İran atəşkəsini qorumaq üçün çalışır" - Ərdoğan
“Ankara ABŞ-İran atəşkəsini qorumaq üçün çalışır”.
Patrul.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında baş tutan telefon danışığı zamanı deyib.
Tərəflər arasındakı danışıqlarda ABŞ-İran münaqişəsi, Hörmüz boğazının blokadası və İsrailə qarşı beynəlxalq təzyiqlər əsas müzakirə mövzusu olub.
Ərdoğan bildirib ki, Türkiyə fevral ayında başlayan ABŞ-İran hərbi qarşıdurmasından sonra əldə edilən atəşkəs rejiminin davamlı olması və uzadılması üçün bütün diplomatik imkanlarını səfərbər edib.
Türkiyə lideri qlobal enerji bazarlarına ciddi zərbə vuran və neft böhranına yol açan Hörmüz boğazının blokadasının dərhal qaldırılmasının və dəniz ticarətinin bərpasının vacibliyini vurğulayıb.
Danışıq zamanı Ərdoğan Tel-Əvivin addımlarını “piratlıq” adlandıraraq beynəlxalq hüququn pozulduğunu qeyd edib və Rusiya rəhbərliyi qarşısında İsrailə yönəlik beynəlxalq təzyiqlərin artırılmasının zəruriliyini müdafiə edib.
Öz növbəsində, U. fon der Leyen sosial şəbəkə hesabında görüşü “məhsuldar” adlandırıb:
“Türkiyə gərgin bir bölgədə əsas tərəfdaşdır. Maraqlarımız üst-üstə düşür; ticarət yollarını açıq saxlamaq və təchizat zəncirlərini sabitləşdirmək əsas prioritetimizdir. Aİ Türkiyənin gərginliyi azaltmaq və İranla münaqişəyə diplomatik həll yolu tapmaq səylərini yüksək qiymətləndirir”.
O, həmçinin Şərqi Aralıq dənizi və Kipr məsələsində BMT-nin rəhbərlik etdiyi prosesi dəstəkləməyə hazır olduqlarını bildirib.
Xatırladaq ki, cari il fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı genişmiqyaslı hava zərbələri endirilib və nəticədə İranın ali rəhbəri Əli Xamenei öldürülüb.
İran buna cavab olaraq İsrail ərazisini raket atəşinə tutub və Fars körfəzində yerləşən ABŞ hərbi bazalarına hədəflənmiş hücumlar təşkil edib.
Tərəflər Pakistanın vasitəçiliyi ilə aprelin 8-də müvəqqəti atəşkəs əldə etsələr də, İslamabaddakı danışıqlar uğursuz olub. ABŞ Tehranı sıxışdırmaq üçün limanları dəniz blokadasına alıb, İran da öz növbəsində Hörmüz boğazını gəmilərin keçidi üçün bağlayıb.
ABŞ rəhbərliyi bildirib ki, əgər Tehran Hörmüz boğazını açmasa, Vaşinqton atəşkəs şərtlərinə riayət etməyəcək. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp mayın 19-da İrana yeni zərbələr endirmək planından Körfəz ölkələrinin xahişi ilə imtina etdiyini bildirib.






