media-inshot_20260402_113259359

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.

Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Patrul.az-a şərh edib.

O vurğulayıb ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyunca genişmiqyaslı təxribatları ilə başlayan qarşıdurma lokal hərbi toqquşma olsa da regionun gələcək geosiyasi və hərbi balansına təsir edən dönüş nöqtəsi kimi tarixə düşdü:

“Aprel döyüşlərinin əsas səbəbləri uzun illər davam edən münaqişənin həll olunmaması, Ermənistanın işğalçı siyasətini davam etdirməsi və cəbhə xəttində vaxtaşırı gərginliyin artırılması ilə bağlı idi. 1994-cü il atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir, təxribatları davam etdirirdi. Məqsəd isə aydın idi – problemi “dondurulmuş münaqişə”yə çevirmək. Lakin Azərbaycanın heç bir halda ərazi güzəştinə getməyəcəyi aydın idi. 2016-cı ilin aprelində Ermənistan tərəfinin cəbhə xəttində irimiqyaslı hücum cəhdləri mövcud vəziyyətin artıq dayanıqlı olmadığını göstərdi. Azərbaycan Ordusu isə bu təxribatlara cavab olaraq planlı və çevik hərbi əməliyyatlara başladı və qısa müddətdə strateji üstünlük əldə etdi. Xüsusilə Talış istiqamətində yüksəkliklərin, həmçinin Lələtəpə kimi mühüm mövqelərin azad olunması hərbi baxımdan böyük əhəmiyyət daşıyırdı”.

media-inshot_20260402_113028517

Millət vəkili Aprel döyüşlərinin Azərbaycan Ordusunun müasir silahlanma, peşəkar kadr hazırlığı və yüksək döyüş ruhu ilə regionda güclü hərbi qüvvəyə çevrildiyini göstərdiyini qeyd edib:

“Bu əməliyyatlar həm də cəmiyyətin orduya inamını daha da möhkəmləndirdi.

Beləliklə, münaqişənin hərbi yolla həll ehtimalı daha real görünməyə başladı. Eyni zamanda, bu döyüşlər 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi üçün bir növ hazırlıq mərhələsi rolunu oynadı. Həm hərbi taktika, həm də texnoloji üstünlük baxımından əldə edilən təcrübə böyük qələbənin əsasını təşkil etdi”.

Ləman Sərraf


Bənzər xəbərlər