media-inshot_20260121_195429686

Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan araşdırmanın gedişi barədə açıqlama verib.

Patrul.az “Sputnik Kazakstan”a istinadən xəbər verir ki, nazir qəza ilə bağlı yekun hesabatın nə vaxt təqdim olunacağına dair hələlik konkret müddətin müəyyən edilmədiyini bildirib.

Onun sözlərinə görə, buna səbəb araşdırmada iştirak edən iki xarici laboratoriyadan hələ yekun nəticələrin təqdim edilməməsidir.

Nəqliyyat naziri həmçinin açıqlamasında Azərbaycan tərəfinin qəzanın araşdırılmasını xarici mütəxəssislərə ötürdüyünü xatırladıb:

“Daxili razılaşmaya əsasən, laboratoriya testinin hər iki tərəfə – Rusiya Federasiyasına və Azərbaycan tərəfinə ötürülməsi barədə razılığa gəldik. Daha sonra Azərbaycan tərəfi onu xarici mütəxəssislərə ötürdü”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan “Azerbaijan Airlines” (AZAL) şirkətinə məxsus “Embraer 190” tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 62 sərnişin və heyət üzvündən 38 nəfər həlak olub, 29 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər